YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflərin təqdimatı

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Xalqımız bu mühüm addımı böyük rəğbət hissi ilə qarşılayır. Dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi və yekdilliklə təsdiqlənməsi xalqımızın, sevinc, qürur hissini daha da artırdı. Bu, yalnız Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı deyil. Xalqımızın inamını, etimadını, gələcəyə qalib Prezidenti ilə birgə addımlamaq istəyini özündə birləşdirəm addımdır. 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri arxada qalan dövrün reallıqlarının təhlili əsasında qarşıdakı illərin yeni hədəflərinin təqdimatı olacaq. Xalqımızın seçimi artıq məlumdur - Qalib ölkənin qalib Prezidentinin ətrafında daha sıx birləşərək Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha yüksək zirvələrdə görmək istəyir. Cənab İlham Əliyev son 20 ildə qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail oldu.

Bu gün Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bu da ondan irəli gəlir ki, dövlət başçısı İlham Əliyev hər zaman bu çağırışı edir: Əldə edilən uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında səsləndirdiyi bu fikirləri yada salmaq istərdik: “Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq.  Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.”

Cənab İlham Əliyev bu kimi çağırışları ilə Azərbaycanı daha yüksək zirvələrə doğru apardı. Tariximizə yazılan Zəfər səhifəsi keçilən yolun uğurlarının təqdimatı oldu.  44 günlük İkinci Qarabağ müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, üç il sonra isə torpaqlarımız üzərində dövlət suverenliyimiz bərqərar edildi. Prezident İlham Əliyev Qarabağı işğaldan azad etməklə ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı böyük xalqdır və biz Qarabağı unutmamışıq. Azərbaycanın əldə etdiyi parlaq Qələbə ilə regionda erməni faşizminə son qoyuldu. Prezident İlham Əliyev regionda və dünyada yeni reallıq yaratdı və bu reallıqla indi hamı hesablaşır.  Dövlət başçısı bu Qələbə ilə Ümummilli Lideri Heydər Əliyevin arzularını həyata keçirdi. Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada Azərbaycan Bayrağı dalğalanır. Hazırda bu məkanlarda seçki hazırlıqları görülür. Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq. Ümumilikdə azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır. Göründüyü kimi, tarixi sahibinə qovuşan torpaqlarımız da seçki ab-havasını yaşayır. Bu səbəbdən 7 fevral 2024-cü il növbədənkənar prezident seçkiləri Zəfər seçkiləri kimi dəyərləndirilir. Xalqımız müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək bu seçkilərdə fəal iştirakı ilə Azərbaycanın davamlı inkişafına dəstək olacaq.