Xəbərlər
Dostluq ənənələrinə sadiqlik

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirməsi düşünülmüş və gələcəyə hesablanmış siyasətin, həmçinin ölkəmizin yerləşdiyi coğrafi məkanın qazandırdığı uğurların təqdimatıdır. Avropa ilə Asiyanın qovuşağında yerləşən Azərbaycan dövlətləri, xalqları bir araya gətirən əməkdaşlıq körpüsü roluna daim yeni əlavələr edir. Dekabrın 10-da Serbiyaya işgüzar səfər edən dövlət başçısı İlham Əliyev Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində bildirmişdir ki, gələcək planlarımız qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Əsas hədəfimiz bərpa olunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpa olunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.
Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları davamlılığı ilə diqqətdədir. Ulu Öndər “Əsrin müqaviləsi”nin imzalanmasından öncə dünya təcrübəsinə əsasən belə bir çağırışı səsləndirmişdir ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan hazırda qaz, elektrik enerjisi ixracatçısıdır. Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, dostluq ənənələrinə sadiqliyini atdığı addımları ilə təsdiqləyir.
Azərbaycanın daim yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır və nüfuz qazanır. Məhz bu baxımdan dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində “Siz regionunuzda nəyi müşahidə edirsiniz - rəqabət, yoxsa əməkdaşlıq” sualına cavabında bildirmişdir ki, hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanda enerji sahəsinin inkişafına nəzər salsanız görərsiniz ki, burada geniş beynəlxalq təmsilçilik var. Nəqliyyat sahəsinə baxsanız görərsiniz ki, hər iki - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir və bizim qonşularımız, müxtəlif regionlarda olan çoxsaylı ölkələr bundan faydalanır.
Siyasi inkişafa gəldikdə isə Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir. Bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Bu səbəbdən bu gün Azərbaycan böyük beynəlxalq potensiala, müsbət beynəlxalq reputasiyaya malik ölkədir. Elə bir ölkə ki, son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edə bilib.
Prezident İlham Əliyev Azərbaycanın son 20 ildə əldə etdiyi sosial-iqtisadi göstəriciləri diqqətə çatdıraraq bildirmişdir ki, iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən iqtisadi artımımız nisbətən zəifdir. Lakin ötən illərə nəzər salsaq görərik ki, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, düşünülmüş sosial siyasət həyata keçirə bilmişik. Son 20 ildə yoxsulluq səviyyəsi təqribən 50 faizdən 5,5 faizə enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün təbəqələri arasında ədalətli bölünüb. 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir.
Əvvəldə də qeyd etdiyimiz kimi, son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırkı dövrün əsas çağırışlarından biri, qeyd edildiyi kimi, Azərbaycanın zəngin neft və qaz resurslarına malik olmasına baxmayaraq yaşıl enerjinin istehsalını və ixracını artırmaqdır.
Bugünkü yeni geosiyasi vəziyyətdə nəqliyyat təhlükəsizliyi də önəmli məsələlərdəndir. Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu enerji resurslarından səmərəli istifadə ölkəmizin yeni-yeni əməkdaşlıq təşəbbüslərinə imkanlar açmaqla yanaşı, tranzit ölkə kimi mövqelərinin möhkəmlənməsində də əhəmiyyətli rol oynayır. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir.