Xəbərlər
Növbədənkənar prezident seçkiləri tarixi zərurətdən irəli gəlir
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri
Cari ilin dekabr ayının 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Qərara əsasən Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycanın Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Beləliklə, bu gün Azərbaycan beynəlxalq arenada qüdrətli ordusu, güclü iqtisadiyyatı ilə önəmli mövqe tutan, müstəqil xarici siyasət yürüdən qalib ölkəyə çevrilib. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi kursu və layiqli davamçısı cənab İlham Əliyevə səs verib onu Prezident seçdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləyir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirdi.
Xüsusi olaraq qeyd olunmalıdır ki, bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. Çünki üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində düşmən tapdağında olan doğma Qarabağımız işğalından azad etdi. Cari ilin sentyabrının 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi. Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı.
Sözsüz ki, Prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyinin elan edilməsi həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır. Dünya ilk dəfə postsovet məkanında torpaqlarını işğaldan azad edən ilk dövlətin bütün ərazilərində seçki keçirəcəyini görəcək.
Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı gələn il fevralın 7-də əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək - sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcək. Tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı müdrik lider, böyük diplomat, qalib sərkərdə İlham Əliyevin rəhbərliyi altında bu sınaqdan da uğurla çıxacaq. 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədən kənar prezident seçkisi şanlı tariximizə Zəfər seçkisi kimi düşəcək.
Son olaraq bir məqamada toxunaq ki, gələn ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə radikal siyasi qüvvələrin “düşərgəsində” qərəzli mövqe sərgiləməyə cəhd edənlər var. Bütün bunlar təbii ki, ucuz demaqogiyadan uzağa getmir. Əslində isə potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal bir fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümündən başqa bir şey deyil. Seçkilərə hazır deyildik bəhanəsi ilə çıxış edənlər bilməlidirlər ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti prezident seçkisinin keçirilməsi ilə növbədənkənar prezident seçkisinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir. Seçki Məcəlləsinə görə, istər normal, istərsə də növbədənkənar prezident seçkilərində namizədlərin irəli sürülməsi, qeydə alınması, təbliğat kampaniyası dövrü üçün verilən müddət eynidir və bu baxımdan da vaxt azlığını arqument gətirmək sadəcə bəhanədir. Seçki Məcəlləsi bütün namizədlərə bərabər hüquqlar tanıyır və namizədlərin hər biri bərabər öhdəliklər daşıyır. Onu da nəzərə almaq lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara müvafiq imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Qeydiyyata düşmək üçün 5 min və ondan çox özünə üzv toplamaqda çətinlik çəkən müxalifət “düşərgə”sinin “siyasi oyunbaz”larının gələcək seçkilərə olan qərəzli mövqeyi onların vətən xaini olmalarını bir daha sübut edir.