Xəbərlər
Azərbaycan-Türkiyə qardaşlığının təqdimatı

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycan-Türkiyə qardaşlığının təqdimatında öz sözünü deyən 10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər paradından ötən üç il iki dost ölkənin münasibətlərinin daha da möhkəmlənməsi ilə xarakterizə olunur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər paradındakı çıxışında “Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir” fikirlərinin davamı olaraq onu da bildirmişdir ki, Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi: “Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.”
Zəfər paradında 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də iştirak etməsi Ermənistana və 30 il işğalçı dövlətə havadarlıq edərək məsələnin həlli prosesinin uzanmasına səbəb olan dövlətlərə ciddi mesaj idi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. İki qardaş ölkənin rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Bütün küçə və meydanlarımızı bəzəyən Azərbaycan və Türkiyə bayraqları iki qardaş ölkənin dostluğunun, qardaşlığının təzahürü idi.
İkinci Qarabağ müharibəsinin başlandığı gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan tək olmadığını dəfələrlə bəyan etdi. Müharibənin sonunadək ölkəmizə siyasi və mənəvi dəstəyini göstərən qardaş ölkə hər anın reallıqlarını Azərbaycanla eyni yaşadı. Cəbhədən gələn qələbə xəbərləri Türkiyə mətbuatının da manşetini bəzədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradındakı çıxışında bir daha diqqəti həmin məqamlara yönəldərək böyük qürur və sevinc hissi ilə bildirmişdi: “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.”
Son üç ildə Azərbaycan-Türkiyə qardaşlığının fonunda atılan addımlar hər birimizdə böyük qürur hissi yaradır. 2021-ci il 15 iyun - Milli Qurtuluş Günündə münasibətlərimizin gələcək inkişafının aydın mənzərəsini yaradan Şuşa Bəyannaməsi imzalandı. Təbii ki, hər bir sənəd mahiyyəti ilə yanaşı, imzalandığı məkan baxımından xüsusi diqqət çəkir. Qarabağın tacı, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşa Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyini müəyyənləşdirən sənədin imzalanmasına şahidlik etdi. İşğaldan azad edilmiş bu torpaqdan dünyaya birliyimizi, həmrəyliyimizi, daha dəqiq desək, qardaşlığın nümunəsini təqdim etdik. Sübut olundu ki, iki dost ölkə hər zaman bir yerdədir. Dünya miqyasında Azərbaycanla Türkiyə qədər biri-birinə yaxın olan ikinci ölkələr yoxdur. Birliyimiz əbədi və sarsılmazdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərimizə ilk səfər edən dövlət başçısıdır. Bu mühüm məqamları da xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun hava qapıları olan Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarını qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə dünyaya açdı. Son üç ildə dost ölkələrin rəhbərlərinin qarşılıqlı səfərlərinin, imzalanan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Xatırlasaq, Zəfər paradında iştirak etmək üçün Azərbaycanda olan Türkiyə Prezidentinin iştirakı ilə bir sıra sənədlərin imzalanması mərasimi də keçirilmişdir. Səfərin yekunu olaraq mətbuata birgə bəyanatlarında cənab Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, bu gün atılan imzalar, əslində, simvolik imzalardır: “Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir.”
Azərbaycan son üç ildə dünyaya təkmil dirçəliş modelini təqdim edir. İşğaldan azad edilmiş şəhərlərimizin, kəndlərimizin bərpası, yenidən qurulması istiqamətində görülən işlərin fonunda ölkəmizin şəhərsalma təcrübəsi təqdir edilir və öyrənilməsinin vacibliyi vurğulanır.