YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kəlbəcər rayon təşkilatının yaradılmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan bəhs edən videoçarx təqdim olunub.

Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib, qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Qeyd olunub ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Ulu Öndərin də dediyi kimi, bu günün, sabahın və gələcəyin partiyasıdır. Ümumxalq partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası artıq 31 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. Bu gün ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınan bir siyasi təşkilatdır. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası hər zaman, qeyd-şərtsiz, qarşısına qoyulan vəzifələri yerinə yetirir. Həbib Misirov rayon təşkilatının 30 il ərzində keçdiyi yola da nəzər salıb. Qeyd olunub ki, bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşıda daha böyük uğurları hədəfləyib.

Digər çıxış edənlər söyləyiblər ki, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə tarixi uğurlar əldə edən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

Sonra YAP Kəlbəcər rayon təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar və partiya sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

DİGƏR Xəbərlər Arxiv