YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq üçün geniş imkanlar

Hicran Hüseynova

Milli Məclisin Komitə sədri, professor

Əsası 1998-ci ildə yaradılmış BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) 25 illik yubiley  sammiti keçirildi.  Tədbirdə məlum səbəblərdən Əfqanıstan istisna olmaqla, bu proqramda iştirak edən bütün ölkələrin başçıları, yəni Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan,  və Özbəkistan prezidentləri, Türkmənistanın yüksək vəzifəli şəxsləri   iştirak etdilər. Eyni zamanda,  Gürcüstan və Macarıstanın baş nazirləri, eləcə də Körfəz Əməkdaşlıq Şurasının baş katibi fəxri qonaq qismində dəvət olunublar. Qeyd edək ki, bu strukturun 25 illik fəaliyyət göstərməsinə baxmayaraq, onun çərçivəsində ilk dəfədir ki, Zirvə  görüşü təşkil olunurdu.

Son vaxtlar, Azərbaycanla Mərkəzi Asiya regionu ölkələri arasındakı daha sıx əməkdaşlıq  müşahidə edilir. Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin ortaq tarixi münasibətləri var və eyni zamanda, bu ölkələrin həm siyasi, həm də iqtisadi maraqları üst-üstə düşür. Və bu  yaxınlaşma prosesi dünya siyasətinin və iqtisadiyyatının  çox həssas, çətin bir dövründə baş verir.  Dünyada baş verən hadisələr bir daha  müxtəlif birliklərin, qurumların  praqmatik fəaliyyət göstərməsini tələb edir. Bu baxımdan SPECA proqramının iştirakçıları problemləri qarşılıqlı əlaqəni artırmaq yolu ilə aradan qaldırmaq niyyətindədirlər. SPECA proqramına daxil olan ölkələr ikitərəfli səviyyədə çox ciddi  əməkdaşlıq edir və bu əlaqələr çoxtərəfli formatlarda möhkəmlənir. Belə ki, Azərbaycan  və Mərkəzi Asiya ölkələri birgə əməkdaşlıq etdiyi platformalar, təkcə SPECA deyil, həm də İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi müxtəlif təşkilatlardır. Xəzərdə əməkdaşlıq ayrıca sahə hesab edilməlidir. Burada SPECA-ya üzv ölkələr digər oyunçularla - İran və Rusiya ilə fəal əməkdaşlıq edir ki, bu da Xəzər dənizini regional siyasət və iqtisadiyyatın müxtəlif mərkəzləri arasında qarşılıqlı fəaliyyət platformasına çevirir və o, mühüm nəqliyyat qovşağına çevrilir.

Dəniz region ölkələri üçün mühüm iqtisadi amildir. Burada böyük həcmdə karbohidrogen ehtiyatları çıxarılır və çox yaxın gələcəkdə Xəzər dənizi də bərpa olunan mənbələrdən mühüm enerji mənbəyinə çevriləcəkdir. Ona görə də Xəzər dənizində əməkdaşlıq regionun bütün ölkələri üçün xüsusi maraq kəsb edir. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna böyük sərmayə qoyaraq,  ölkəmizi Mərkəzi Asiya ölkələri üçün də uğurlu tranzit rolu oynayan ünvana çevirmişdir. Artıq Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən biridir.  Son 20 ildə iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulan Azərbaycanla əməkdaşlıq SPECA ölkələri üçün də önəm kəsb edir. Yatırılan investisiyanın 200 milyard dollarının qeyri-enerji sektorunun payına düşməsi də ciddi rəqəmdir və ölkəmizin cəlbediciliyini artırır.

Azərbaycan regional yenidənqurma prosesinə, o cümlədən ticarət və enerji dəhlizləri şəbəkəsinin yenilənməsinə, habelə dayanıqlı üçüncü ölkə iqtisadiyyatları ilə əlaqələrin tənzimlənməsi məsələsi üzrə təşəbbüslər  göstərir və hətta bu prosesə  rəhbərlik edir. Rəsmi Bakının BMT-nin az qala ölmüş təşəbbüsünü yeni siyasi və iqtisadi gündəm formatında canlandırmaq ideyası olduqca diqqətəlayiqdir. Azərbaycanın xarici siyasət strategiyası ölkənin mövcud sosial-iqtisadi və siyasi çağırışlara mövqeyini gücləndirmək üçün uyğunlaşdırıla bilən regional inteqrasiya mövzuları üzrə istənilən xarici siyasət dialoq formatlarını qurmaq və canlandırmaqdan ibarətdir. Bu strategiya çərçivəsində ideya müəllifinin hansı strukturun və konkret hansı dövlətin olmasının əhəmiyyəti yoxdur. Üstəlik, bunun hətta müəyyən üstünlükləri də var. Beləliklə, Bakı BMT strukturlarında əhəmiyyətini artırır və regional proqramların idarə edilməsi rıçaqlarını öz üzərinə götürür. Təşkilatın gələcək islahatları prosesində bunun ciddi əhəmiyyəti olacaq. Bu gün BMT-nin himayəsi altında yaradılsa da, əslində bu strukturun inkişafına ilk dəfə 3,5 milyon ABŞ dolları məbləğində dəstək olan Azərbaycan  SPECA Etimad Fondunun yaradılması timsalında artıq bunu görmək olar. Bununla, SPECA özünün inzibati və bürokratik idarəetmə və regionda vəziyyətin monitorinqi strukturunu əldə edəcəkdir.

Azərbaycan sabit siyasi və iqtisadi mühitə, dayanıqlı iqtisadiyyata və sosial rifaha malik ölkədir. Odur ki, Azərbaycan həm Mərkəzi Asiya üçün Avropaya, həm də Qərb üçün bu regiona qapı, açar rolunu oynayır. 25 illik tarixi olan SPECA Bakının təsiri altında yeni və fərqli bir təşəbbüsə çevrilməkdədir.  Potensial olaraq, o, çevik birləşmə, dialoq və səylərin əməkdaşlığı formatında region üçün bütün iqtisadi təşəbbüslərin uyğunlaşdırılması üçün strukturu təmsil edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirdilər. Bununla da SPECA-nın yeni iqtisadi konturunun əsas xətlərini görmək mümükündür.

Prezident İlham Əliyevin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə  siyasi sabitlik amilinə diqqət çəkdi.  Siyasi sabitlik olmadan heç bir ölkənin iqtisadiyyatı inkişaf edə bilməz: “Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA-ya üzv ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”.  Amma  bütün ölkələri uğurlu  ölkə  saymaq olmaz. Elə ölkələr var ki, hər zaman hansısa “ağaya” ehtiyacı var, öz qonşularına ərazi iddiası irəli sürür, işğalçılıq  siyasəti həyata keçirir,  bölgədə sülh və təhlükəsizliyə əngəl yaradır.  Ölkə başçısı Zirvə görüşündə bu məsələni  xüsusi olaraq  vurğuladı : “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir”. Marionet Ermənistandan fərqli olaraq SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Zirvə görüşündə Azərbaycanın tarixi qələbəsindən, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etməsindən bəhs edən  Prezident İlham Əliyev hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini bildirdi: “Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”. Və əlbəttə ki, ölkə başçısı dost və qardaş ölkələrin bu prosesə verdiyi dəstəyi bir daha minnətdarlıqla xatırlatdı.

Ümumiyyətlə, SPECA həftəsi çərçivəsində  Bakıda təşkil olunan iqtisadi forum  və  Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ölkələrimiz arasındakı iki və çoxtərəfli  biznes əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır. Beləliklə, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü yeni əməkdaşlıq platforması üçün geniş imkanlar açır.  

DİGƏR Xəbərlər Arxiv