Xəbərlər
Əlaqələrin inkişafında stimulverici amil
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi, yaradılmasının 25-ci ildönümündə Bakıda SPECA-nın Zirvə görüşünün keçirilməsi beynəlxalq nüfuzunun təqdimatı oldu. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürünü bildirən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir: “Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.”
Təbii ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Hər dövrün öz tələbi, çağırışları olur. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, son 25 ildə əsas çağırışlar arxada qalıb. Dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.
Azərbaycan hər zaman beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Regional çərçivədə qurulan əlaqələr zaman keçdikcə coğrafiyasını genişləndirdi. Azərbaycanın dünya birliyində yeri və rolu möhkəmləndi. Ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatı nəticəsində dünya Azərbaycan həqiqətlərini öyrənməyə başladı. İkitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin möhkəmlənməsi həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Azərbaycan Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır. Qeyd etdiyimiz kimi, ölkəmiz Türk Dövlətləri Təşkilatında oynadığı fəal rolu ilə Türk dünyasının birləşməsi istiqamətində də yorulmaz səylər göstərir.
Zirvə görüşündə səsləndirilən fikirlər də Azərbaycanın əməkdaşlığın inkişafına, səylərin birləşdirilməsinə verdiyi töhfələrə işıq salır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında Zirvə görüşünün iştirakçı ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün yaxşı zəmin yaradacağını vurğuladı. Belə bir əminlik ifadə edildi ki, əldə edilən nəticələr bizim çox sahələrdə olan əməkdaşlığımız üçün yaxşı zəmin yaradacaq və bu, şəffaflıq, səmimiyyət, qarşılıqlı etimad əsasında davam edəcək. Qırğızıstan Prezidenti Sadır Japarov BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına uğurlu sədrliyinə, yubiley Sammitinin gözəl təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirdi.
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə sədrlik dövründə bir çox məsələlərin müsbət həllinə nail ola bildiyi üçün minnətdarlığını “Onu da qeyd etmək istəyirəm ki, şəxsən Siz, hörmətli İlham Heydər oğlu, ən azından SPECA-nın istiqamətində iki əsas sıçrayışa müəllif oldunuz. Birincisi, SPECA-nın son 25 illik tarixi dövründə onun ilk dəfə səviyyəsini iştirakçı ölkələrin dövlət başçıları səviyyəsinə qaldırdınız. İkincisi, uzun müddət idi ki, bu Etimad Fondunun yaradılması alınmırdı, Siz öz sədrlik ilinizdə bu məsələnin müsbət həllinə nail ola bildiniz” fikirləri ilə ifadə etdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşünün üzv ölkələr üçün əhəmiyyətini xüsusi qeyd etdi: “Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin ünvanına söylənilən təşəkkür sözlərinə mən də qoşuluram. Bildiyiniz kimi, bu gün SPECA-nın Zirvə görüşü keçirilir və bizi burada səmimi-qəlbdən qəbul etdiyinə görə ona təşəkkürümüzü bildirmək istəyirəm.” O da vurğulandı ki, müasir ticarət və logistika mərkəzləri, xüsusi iqtisadi zonalar sərhəd yerlərində tikilməkdədir. Bu baxımdan hörmətli İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş Azərbaycan rayonlarında tarixi ədalətin bərpa olunmasını yüksək dəyərləndirir və Azərbaycanın bu yerlərdə gördüyü inanılmaz quruculuq işini qeyd etmək istəyirik. Müsbət və perspektivli dəyişikliklər yeni imkanlar açacaq və regional əməkdaşlıq inkişaf edəcək.
Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçməsi iqtisadi amillərlə yanaşı, həm də siyasi, təhlükəsizlik məsələləri ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa etməsi regionda yeni reallıq yaradıb. Dövlətimizin başçısının qətiyyəti, siyasi iradəsi sayəsində bu gün Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantına çevrilib, irəli sürdüyü təşəbbüslərlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Bütün bunlar isə Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağını artırır.
SPECA-nın Zirvə görüşü Azərbaycan həqiqətlərinin təbliğində növbəti platforma oldu. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizə gedən yolu geniş təhlil edərək postmünaqişə dövrünün reallıqlarını bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Bildirdi ki, 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik. Təəssüf ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar. Buna cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq.
İkitərəfli əlaqələrin inkişafı reallıqlarımızın təbliğində əhəmiyyətli rol oynayır. Bu baxımdan noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana ilk rəsmi səfərini qeyd etmək istərdik. Əbdüllətif Camal Rəşid bildirmişdir ki, Azərbaycana bütün səfərlər səmərəli, qarşılıqlı etimad prinsiplərinə əsaslanır və maraqlı tərəflərə uğur gətirir. Diplomatik əlaqələrin tarixində ilk olan bu rəsmi səfərin də tərəflər üçün faydalı olacağı vurğulanmışdır. Prezidentlər mətbuata bəyanatlarında əlaqələrin gələcək inkişafından geniş bəhs etdilər. Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyir, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.
Göründüyü kimi, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinə beynəlxalq dəstək yüksək səviyyədədir. Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar əlaqələrin inkişafında stimulverici amildir.