YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ortaq səyləri əks etdirən əməkdaşlığın davamı vacibdir

“Noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Tədbir başa çatsa da onun gələcək əməkdaşlığa açdığı yol bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Reallıq budur ki, SPECA Proqramına üzv ölkələr arasında əlaqələr yüksək səviyyədədir. Son zamanlar bu əməkdaşlıq qarşılıqlı səfərlərin davamlığı fonunda daha da möhkəmlənib və yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurətə çevirib. SPECA Proqramının məqsəd və məramına diqqət yetirdikdə iqtisadi inkişafın əlaqələrin möhkəmləndirilməsində rolu daha aydın şəkildə özünü büruzə verir. Onu da qeyd edək ki, son iki ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfəri olub. Digər qardaş dövlətlərin başçıları da Azərbaycana dəfələrlə səfərlər həyata keçiriblər.  Dövlət başçısı İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan prezidentləri ilə görüşlərində də  bu kimi məqamlara xüsusi diqqət yönəldildi. Cənab İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşündə səsləndirdiyi fikirlər münasibətlərimizin bu gününün aydın mənzərəsini təqdim etdi.  Belə ki, dövlət başçımızın “Biz o qədər tez-tez görüşürük ki, hətta bir-birimizdən ayrılmadığımız təəssüratı yaranır. Əlbəttə, bu, çox xoşdur. Mənim Özbəkistana səfərim və Sizin Azərbaycana dövlət səfəri zamanı biz Sizinlə elə bu cür də danışmışdıq ki, tez-tez görüşəcəyik, bu, ölkələrimiz və xalqlarımız üçün faydalı olacaq. Zənnimcə, cəmiyyətlərimiz də bütün bunları aydın şəkildə görür. Prezidentlərin qardaşlığı, komandaların üzvlərinin qarşılıqlı fəaliyyəti və ən əsası – nəticə. Nəticələr artıq görünür” fikirlərinin davamı olaraq Özbəkistan Prezidenti qeyd etdi ki, xalqlarımız da ölkələrin liderləri arasında belə səmimi, etimada əsaslanan çox yaxşı münasibətlərin olduğu zaman, əlbəttə, nəticənin də olmasını görürlər. Azərbaycanda özümü evimdəki kimi hiss edirəm.

Bu kimi səmimi fikirləri Qazaxıstan, Tacikistan, Qırğızıstan prezidentləri də qeyd etdilər. Zirvə görüşündəki çıxışlarda ümumi fikir bu oldu ki, əldə edilən nəticələr  çox sahələrdə olan əməkdaşlığımız üçün yaxşı zəmin yaradacaq və bu, şəffaflıq, səmimiyyət, qarşılıqlı etimad əsasında davam edəcək.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın SPECA-ya sədrlik etdiyi hazırkı dövrdə üzv dövlətlərin ilk dəfə Zirvə görüşünün keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun təqdimatıdır: “Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Cənab İlham Əliyevin dəvəti ilə  Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak etdilər. Dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.”

Nurlan Həsənov qeyd edib ki, Azərbaycan böyük investisiyalar məkanıdır: “Ölkəmizdə yaradılan sabitlik Azərbaycana investisiya axınını sürətləndirir. İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması bu gün özünü sosial-iqtisadi göstəricilərimizdə də nümayiş etdirir. Belə ki, iqtisadiyyatımıza 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında SPECA-ya üzv dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynayan amillərdən bəhs edərkən siyasi sabitliyi xüsusi qeyd etdi. Cənab İlham Əliyev bildirmişdir ki, sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.”

Millət vəkili onu da əlavə edib ki, Azərbaycanın iqtisadi inkişafı xarici siyasət uğurlarında da öz sözünü deyir: “İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi layihələr dövlətlər, xalqlar arasında əməkdaşlıq körpüsünü daha da möhkəmləndirir. Azərbaycan dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələri ilə diqqətdədir. Azərbaycanın Avropa il Asiyanın qovuşağında yerləşməsi  nəqliyyat imkanlarının genişlənməsində  öz sözünü deyir. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.”

  Nurlan Həsənov vurğulayıb ki, ölkəmizin regionda və dünyada sabitləşdirici aktora çevrilməsi yeni əməkdaşlıq formatlarının müəllifi kimi yerini, rolunu möhkəmləndirməsində də əhəmiyyətli rol oynayır: “Azərbaycanın təşəbbüsü ilə SPECA-nın ilk dəfə Zirvə görüşünün keçirilməsi buun təsdiqidir. Zirvə görünün nəticələrini özündə ehtiva edən Bakı Bəyannaməsində qeyd edildiyi kimi, SPECA regionunun daha yaşıl və təhlükəsizlik gələcəyi üçün dayanıqlı və davamlı iqtisadi inkişafı dəstəkləmək üzrə ortaq səyləri əks etdirən sıx əməkdaşlığın davamı vacibdir.”