Xəbərlər
Dostluq münasibətlərinin gücləndirilməsinə töhfə
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor
Son dövrlər İraq Yaxın Şərq bölgəsində həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf edən ölkələrdəndir. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri dövlətlərimiz arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfə verəcək. Prezident İlham Əliyev İraq Respublikasının Prezidentinin səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etdi. Çıxışında ölkə başçımız İraqla Azərbaycan arasında əlaqələr, Ermənistanın 30 il ərzində torpaqlarımızı işğal altında saxlaması, 2020-ci ildə Azərbaycanın işğala son qoyması, cari ildə ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini təmin etməsi, hal-hazırda Azərbaycanın sülhün bərqərar olması istiqamətində atdığı addımlar barədə məlumat verdi. Azərbaycan və İraq bütün beynəlxalq təşkilatlarda hər zaman həmrəylik nümayiş etdirir, bir birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasının tərəfdarı olduğunu bəyan etmiş və bütün ölkələri beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə çağırış etmişdir. Təəssüf ki, bir sıra böyük dövlətlər digər regionlarda sülhün yaranmasına mane olur, regionlarda yeni müharibə ocaqlarının yaranmasına çalışırlar. Bu dövlətlər öz müstəmləkəçilik siyasətini həyata keçirmək üçün bəzi dövlətlərdən oyuncaq kimi istifadə edirlər. Tarix boyu müstəmləkə siyasəti yürüdən Fransa Cənubi Qafqazda öz çirkin siyasətini həyata keçirmək üçün Ermənistandan istifadə edib və bu niyyətini bu gün də davam etdirir. Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan Ermənistana Fransa hər zaman dəstək verib. Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan Azərbaycanla Ermənistan arasında münaqişənin sülh yolu ilə həll edilməsinə çalışıb. Ermənistan dövləti isə Qərbdəki havadarlarının dəstəyi və köməyi ilə işğalı davam etdirirdi. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq hərbi yolla torpaqlarını işğaldan azad etdi və Qarabağda öz suverenliyini tam bərpa etdi. Artıq ölkəmizin bütün ərazisində Azərbaycan bayrağı dalğalanır. Təəssüf olsun ki, Ermənistan hakimiyyəti bu gün də Fransanın təsirindən çıxıb sülh müqaviləsi bağlamağa cürət etmir. Ölkə başçımız çıxışında bir daha sülh danışıqlarının heç bir dövlətin vasitəçiliyi olmadan Azərbaycan Ermənistan arasında aparılmasının müsbət nəticələnə biləcəyini vurğuladı. İraq Prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanan sənədlər iki ölkə arasında əlaqələri daha yüksək səviyyəyə çatdıracaq.