Xəbərlər
Bakıda SPECA-nın Zirvə görüşü güclü iqtisadiyyatımızın fonunda müstəqil xarici siyasətimizin uğurlarının təqdimatı oldu
Hər bir çağırışı sülhə, sabitliyə, təhlükəsizliyin təminatına yönələn Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır
Azərbaycan artıq beynəlxalq aləmdə iqtisadi, siyasi, mədəni, humanitar, diplomatik mərkəz kimi böyük nüfuz qazanıb. Xüsusilə Vətən müharibəsində tarixi Zəfərimiz Azərbaycanın xarici siyasət uğurlarının davamlılığında öz sözünü deyir. Bunun üçün təkcə son aylarda Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafına xidmət edən qarşılıqlı səfərlərə, ev sahibliyi etdiyi, yaxud bu və ya digər ölkələrdə qatıldığı tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi, yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Zirvə görüşündə Proqrama üzv ölkələrin prezidentlərinin və digər yüksək səviyyəli rəsmilərinin iştirak etmələri bunu bir daha sübut etdi. Belə ki, Zirvə görüşündə Proqramın üzvü olan Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın prezidentləri iştirak etdilər. Macarıstanın və Gürcüstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi isə Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşünə fəxri qonaq qismində qatıldılar.
Bu məqamds xatırlatmaq yerinə düşər ki, 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Proqramın üzvü olan Azərbaycan son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Başqa sözlə, ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimal ilə Cənubun kəsişməsində yerləşməsi ona əlverişli tranzit imkanları yaradır.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizin iqtisadi inkişaf modeli beynəlxalq səviyyədə təqdir edilir. İqtisadiyyatını düzgün əsaslar üzərində quran, onun şaxələndirilməsi siyasətini uğurla həyata keçirən Azərbaycanın iqtisadi uğurlarından geniş bəhs edən dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bildirdi ki, SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan investisiya cəlbediciliyini qoruyan ölkədir. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu məqama xüsusu diqqət yönəldərək bildirdi ki, ölkələrimizi birləşdirən daha bir amil siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, Azərbaycanın sabitlik diyarı, iqtisadi möcüzələr məkanı kimi nüfuz qazanması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasında öz sözünü deyir. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Bunun da 200 milyard dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Azərbaycan investisiya cəbediciliyini qorumaqla yanaşı, sərmayə yatıran ölkə kimi də nüfuz qazanır. Ümumiyyətlə, ölkəmizin bugünkü sosial-iqtisadi göstəriciləri Zirvə görüşünün iştirkçıları tərəfindən təqdir edildi. Diqqətə çatdırıldı ki, son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Ölkəmizdə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, bu gün Azərbaycan dinamik inkişafının yeni mərhələsini yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş miqyas alıb. Bu ərazilərimiz müasir tələblərə uyğun bərpa edilir. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bildirdi ki, ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanıldı. Artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Hazırda Füzulidə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Yaradıcılıq Mərkəzi inşa edilir və gələn il istifadəyə veriləcək.
Zirvə görüşünə fəxri qonaq qismində qatılan Macarıstanın Baş naziri Viktor Orban ilə Prezident İlham Əliyevin görüşündə bu mühüm məqam da xüsusi qeyd edildi ki, noyabrın 24-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasiminin Macarıstanla birgə həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Bu layihə macar şirkətlərinin iştirakı ilə icra olunacaq.
Vüqar Rəhimzadə vurğulayıb ki, Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçmələri iqtisadi amillərlə yanaşı, həm də siyasi və təhlükəsizlik məsələləri ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalçılarından təmizləyərək ərazi bütövlüyünü bərpa etməsi regionda yeni reallıq yaradıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi sayəsində bu gün Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantına çevrilib. Azərbaycan irəli sürdüyü təşəbbüslərlə, reallığa çevirdiyi enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Bütün bunlar isə Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağını artırır.
YAP Xətai rayon təşkilatının sədri bu gün Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaratdığını xüsusi qeyd edib. Bildirib ki, Zirvə görüşündəki çıxışında “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal mövqeyi, sözünün imzası qədər dəyəri olan ölkə kimi nüfuz qazanıb. Azərbaycanın hər bir çağırışı sülhə, sabitliyə, təhlükəsizliyin təminatına yönəlib. Tarixi Zəfərimizdən dərhal sonra Ermənistana təklif edilən sülh müqaviləsi də bunun təsdiqidir. Azərbaycan sabitləşdirici aktor kimi dünyanın diqqətindədir. Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır. Ölkəmiz Türk Dövlətləri Təşkilatında oynadığı fəal rolu ilə türk dünyasının birləşməsi istiqamətində də yorulmaz səylər göstərir. Dövlət başçısı İlham Əliyevin Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə qeyd etdiyi kimi, biz böyük türk dünyasının bir hissəsiyik. Dostluğumuz, qardaşlığımız əbədi olacaq.