YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan bundan sonra da türk dünyasının birliyi amallarına sadiq olacaq

“Dünyanın diqqəti yenə də türk dünyasının birliyinə yönəldi. Noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Hər bir Zirvə görüşü keçirildiyi məkan, əhatə etdiyi mövzu, çağırışla yanaşı, gələcək hədəfləri özündə ehtiva edən Bəyannamənin imzalanması ilə diqqətdə olur. Belə ki, yekun sənəddə keçilən yolun təhlili əsasında qarşıdakı dövrün hədəfləri öz əksini tapır. Sözügedən Zirvə görüşündə Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalandı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə türk xalqlarının inkişafında böyük xidmətlərinə görə Türk Dünyasının Ali Ordenini təqdim etdi. Onu da qeyd edək ki, bu ali mükafata 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, 2022-ci ildə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan layiq görülmüşdür. Bu təqdimatlar da özündə türk birliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımları birləşdirir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı türk dünyasının birliyi bardə aydın təsəvür yaradır. Hazırda qarşılıqlı səfərlərin daha da artması fonunda bu əməkdaşlığın digər türkdilli dövlətlərlə də genişləndiyinin şahidiyik. Dövlət başçısı İlham Əliyev Yubiley Zirvə görüşündə bildirdi ki, son iki ildə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər edib. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı, gələcək hədəflərin müəyyənləşdirilməsində stimulverici amildir. Cənab İlham Əliyevin Qazaxıstana reallaşdırdığı səfər son iki ildə sayca üçüncü səfəridir. Cənab İlham Əliyev dostluğumuzun, qardaşlığımızın aydın ifadəsi olaraq bu məqamı xüsusi qeyd etmişdir ki, hər səfərində Qazaxıstanda uğurlu islahatların və genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinin şahidi olur.”   Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Nurlan Həsənov qeyd edib ki, Azərbaycan daim türk dünyasının birliyinin önəmini xüsusi qeyd edərək bu istiqamətdə mühüm addımlar atır: “Ölkəmiz üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. 2020-ci ildə Vətən müharibəsi zamanı türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Dünya həm 44 günlük İkinci Qarabağ müharibəsində, həm də tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində bu birliyin şahidi olur.  Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə özbək xalqı adından hədiyyə olaraq Füzulidə  Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin tikilərək istifadəyə verilməsini,  Qazaxıstan tərəfindən  Füzulidə tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzini, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda iki dost, qardaş zərbaycan və Türkiyənin birgə investisiya layihəsi olan  “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksini qeyd edə bilərik.”

Millət vəkili türkdilli dövlətlərin iqtisadi imkanlarını rəqəmlər əsasında diqqətə çatdırıb: “Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir. Ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon dollar dəyərində ümumi daxili məhsula və 855 milyard dollarından çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensialı, enerji resursları, nəqliyyat yolları və müasir hərbi imkanları ilə diqqətdədirlər.  Dövlət başçısı İlham Əliyev Yubiley Zirvə görüşündəki çıxışında bu rəqəmi açıqladı ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard  dollardan çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.”

“Münasibətlərimizin inkişafında nəqliyyat və logistika sahələri də mühüm yer tutur” söyləyən Nurlan Həsənov onu da vurğulayıb ki, Türk Dşvlətləri Təşkilatına üzv ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək görərik ki, onlar Şərqdən Qərbə tam bir nəqliyyat marşrutu – Orta Dəhliz təşkil edir. Heç şübhəsiz, Azərbaycan bu marşrutda aparıcı rola malikdir. Çünki Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz mühüm tranzit mövqeyə sahibdir.

Millət vəkili bildirib ki, türk dövlətləri arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafı üçün geniş imkanlar mövcuddur. Astana X Zirvə görüşü bu birliyin möhkəmləndirilməsində öz sözünü deyəcək. Hədəfləri və onlara çatmağın yollarını özündə ehtiva edən Astana Bəyanaməsi bu əminliyə əsas verir. Azərbaycan bundan sonra da türk dünyasının birliyi amallarına sadiq olacaq.