Xəbərlər
Uğurlu siyasətin təntənəsi
“15 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndi şəhərində şanlı bayrağımızı ucaltması böyük tarixi hadisə olmaqla yanaşı hər birimizə qürurlu anlar yaşatdı. Bu möhtəşəm tarixi hadisə, cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü gününə təsadüf etdi ki, bu da cənab prezidentimizin iyirmi il ərzində apardığı uğurlu, unikal siyasətin təntənəsi idi. Bir daha hər bir azərbaycanlı cənab İlham Əliyev kimi lideri və Qalib Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün fəxr etdi.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, dövlətimizin başçısı Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət etdi. Çıxışında Prezident İlham Əliyev ölkəmizdə son 20 il ərzində həyata keçirilən işlərdən, qarşıya qoyulmuş vəzifələrin icrasından danışdı. Böyük fəxr hissi ilə qeyd etmək istərdim ki, son 20 il ərzində Ölkəmizdə hər bir sahə üzrə sürətli inkşaf hökm sürmüş, qarşıya qoyulmuş bütün vəzifələr ən yüksək səviyyədə icra olunmuşdur. Eyni zamanda xarici siyasətimizdə də böyük uğurlar əldə olunmuş, dünya dövlətləri ilə yeni-yeni əlaqələr qurulmuş, mövcud əlaqələr daha da inkşaf etmişdir. Həmçinin ölkəmiz bir çox beynəlxalq və dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etmiş, beynəlxalq təşkilatlar daxilində də nümunəvi fəaliyyəti ilə seçilmişdir. Bununda nəticəsidir ki, bu gün dünya dövlətləri Azərbaycanla hesablaşır və ölkəmizin beynəlxalq nüfuzu və qüdrəti günbəgün artmaqdadır. Əlbətdə bütün bunlar son iyirmi il ərzində həyata keçirilmiş uzaqgörən və bənzərsiz İlham Əliyev siyasəti nəticəsində mümkün olmuşdur.
Müraciətində Ali Baş Komandan İlham Əliyev şanlı Azərbaycan Ordusunun qüdrətindən, hərbiçilərimizin qəhrəmanlığından danışdı. Qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ Müharibəsi zamanı böyük şücaət və fədakarlıq göstərdi, 21–ci əsrin müharibəsini apararaq torpaqlarımızı işğaldan azad etdi. Eyni zamanda Azərbaycan Ordusu öz gücünü və ədalətini antiterror əməliyyatları zamanı da bütün dünyaya nümayiş etdirdi. Çıxışında şəhidlərimizin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edən Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmizdə vətən üçün ölümə belə getməyə hazır olan gənc nəsil yetişdirilmişdir. Əlbətdə cənab Preizdentimizin rəhbərliyi altında Azərbaycan dövləti tərəfindən illər ərzində həyata keçirilmiş düzgün gənclər siyasəti nəticəsində heç zaman Qarabağı görməyən gənclərimiz Ali Baş Komandanın bir əmri ilə səfərbər olaraq torpaqlarımızı işğaldan azad etdi.
Daha sonra xalqa müraciətində dövlət başçısı İlham Əliyev Ümumilli Liderimiz Heydər Əliyevin Azərbaycan qarşısındakı misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından bəhs etdi. Qeyd etmək lazımdır ki, Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında məhz dahi Heydər Əliyev siyasəti dayanır. Hər zaman xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev dühasının xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi siyasətçi yetişdirməsi olmuşdur. Ulu Öndər Heydər Əliyev ili öz möhtəşəmliyi və qələbələrimizlə tarixə həkk olur.