YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki...

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Oktyabrın 15-də Azərbaycanın tarixinə daha bir zəfər səhifəsi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan Bayrağını ucaltması hər bir azərbaycanlıda böyük qürur hissi yaratdı. Qeyd edək ki, sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başladığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi oldu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam  şəkildə bərqərar oldu. Müzəffər Ali Baş Komandanın separatçılardan təmizlənmiş ərazilərimizə səfəri, üçrəngli bayrağımızın bu torpaqlarımızda dalğalanması cənab İlham Əliyevin qeyd etdiyi kimi, nəyi, necə, nə vaxt etməsini bildiyinin təsdiqidir.

Hər bir zəfər keçilən yolun təhlilini bir zərurət kimi qarşımıza qoyur. “Heydər Əliyev İli”ndə Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyev keçirdiyi xoşbəxtlik hissini belə ifadə etdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik.”

Bu illər ərzində Azərbaycan daha da gücləndi.  dünya miqyasında yeri və rolunu möhkəmləndirdi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.  Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Hazırda tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, iqtisadi müstəqilliyin təmin edilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atıldı. Ölkəmizin iqtisadi mövqeyinin möhkəmlənməsi beynəlxalq münasibətlər sistemində yeri və rolunu daha da artırdı. Bu illər ərzində azərbaycan yeni dostlar və tərəfdaşlar qazandı.

Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı məhz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz oldu.

Dövlət başçısı İlham Əliyev Xankəndidən xalqa müraciətində bu məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirik.  Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik. Onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Cənab İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi kimi, Xankəndinin mərkəzində Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında olmaq böyük xoşbəxtlikdir və tarixi hadisədir: “İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.”

Azərbaycan tarixinin zəfər səhifələri daha da zənginləşir. Xalqımıza zəfər daha çox yaraşır. 30 ilə yaxın dövrdə böyük faciələrlə üz-üzə qalan xaqımız son üç ildir torpaqlarımızın işğal deyil, işğaldan azad edildiyi tarixləri qeyd edir. Dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasındadır. 17 oktyabr Füzuli Şəhəri Günüdür. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 16-da Füzuli rayonuna səfəri çərçivəsində Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, ikinci, üçüncü, yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməlini qoydu. Bir səfər çərçivəsində atılan addımları ümumilikdə son üç ildə işğaldan azad edilmiş torpalarımızda görülən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaradır.   

Dövlət başçısı İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür» söyləyən dövlətimizin başçısı Füzuli rayonunun timsalında işğaldan azad edilmiş bütün ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən geniş bəhs etdi. Bu mühüm məqam xüsusi qeyd edildi ki,  bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Azərbaycanda iki dəfə, Ağdam və Zəngilanda  Milli Şəhərsalma Forumu keçirilmişdir. Doğrudan da bu ərazilərimizdə  yaşayış üçün ən gözəl şərait yaradılıb. Cənab İlham Əliyev bildirdi ki, bütün şəhərlərimiz,  Füzuli kimi olacaq. Çünki Füzulidə  birinci şəhərsalma layihəsini icra edilir.

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri soydaşlarımızın mərhələli şəkildə qayıdışları ilə müşaiyət olunur. Həmin ərazilərin malik olduğu potensialdan soydaşlarımızın səmərəli istifadə etməsi üçün zəruri şərait yaradılıb. Dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etdi ki,  müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. Çünki  iqtisadiyyatımızın burada yüksəlməsi ümumi inkişafa da böyük töhfə olacaq.

Göründüyü kimi, Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, cənnət məkana çevrilir. Azərbaycanın malik olduğu iqtisadi imkanlar hər bir hədəfə vaxtında və yüksək səviyyədə nail olmağa əsas verir. 

DİGƏR Xəbərlər Arxiv