YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Heydər Əliyev ideyaları əsasında inkişaf edən Azərbaycan yeni zirvələr fəth edir

Sabunçu rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Sabunçu rayon təşkilatı oktyabr ayının 12-də Bakı Gənclər Mərkəzində tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib: “Bu gün Heydər Əliyev ideyaları əsasında inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir.”

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev vurğulayıb ki, dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyev bütün dövrlərdə xalqımıza və dövlətçiliyimizə ləyaqətlə, sədaqətlə xidmət edib. Heydər Əliyev həmişə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparıb. Ümummilli Liderin dövlətimiz və xalqımız üçün göstərdiyi müstəsna xidmətlər Azərbaycanın dünyada söz sahibi olan ölkəyə çevrilməsində mühüm rol oynayıb.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə  söyləyib ki, 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı: “Ümummilli Lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir dövlətə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər müasir tariximizin şərəfli dövrünü əhatə edir. Ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi və dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, Azərbaycanın beynəlxalq imicinin sürətlə artması məhz Ümummilli Lider Heydər Əliyevin yorulmaz və səmərəli fəaliyyəti sayəsində mümkün olub.

Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev qeyd edib ki, Vətəninə, xalqına sədaqətlə xidmət etmiş Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən müdrik dövlət xadimidir. Azərbaycan gənclərinin əsl vətəndaş kimi formalaşmasında Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var.

Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov bildirib ki,  Ümummilli Lider Heydər Əliyev Azərbaycanın tərəqqisi uğrunda çalışmış, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib. Prezident İlham Əliyev ölkəmizə möhtəşəm nailiyyətlər qazandırıb.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş bəhs edib. O bildirib ki, bu gün hər bir Azərbaycan gənci müstəqillik yolumuzun heç də hamar olmaması barədə aydın təsəvvürə malik olmalıdır. Bugünkü inkişaf üçün kimə borclu olduğumuzu bilməli, onlara əmanət olan Heydər Əliyev irsini qorumalı və geniş təbliğ etməlidirlər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.