Xəbərlər
Daxili İşlər Naziri: I Avropa Oyunları zamanı polis vətənpərvərlik və peşəkarlıq nümayiş etdirib
Daxili İşlər Nazirliyinin I Avropa Oyunları zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 25 mindən çox əməkdaşı və hərbi qulluqçusu qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək vətənpərvərlik, yüksək əzm və peşəkarlıq nümayiş etdirib. Bu yarışların ölkəmizin adına və nüfuzuna layiq bir səviyyədə, təhlükəsizlik və əmin-amanlıq şəraitində keçməsi üçün digər dövlət orqanları ilə birgə böyük bir fəaliyyət ortaya qoyub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov qeyd edib ki, I Avropa Oyunları kimi möhtəşəm idman tədbirinin Bakıda keçirilməsi və uğurla başa çatması Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox yüksək təşkilatçılıq bacarığı və böyük xidmətləri sayəsində ölkəmiz üzərinə götürdüyü öhdəliyi 30 ay ərzində yerinə yetirib.
Nazir məmnunluqla qeyd edib ki, ilk Avropa Oyunları üçün heç bir təcrübənin və standartın olmamasına baxmayaraq, "Bakı - 2015" dünyada ən yüksək idman standartlarını təqdim edib.