YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhün, təhlükəsizliyin qarantı

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Bu gün Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı üçün yeni imkanlar yaranıb. Hər zaman bir yerdə olan Azərbaycanla Türkiyə qardaş ölkə olaraq bir-birilərinin sevincini və kədərini bölüşürlər. Dünya 44 günlük İkinci Qarabağ müharibəsində, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarının qəbulunda və uğurla həyata keçirilməsində Türkiyənin Azərbaycana dəstəyinin şahidi olur. Bu reallıq beynəlxalq səviyyədə etiraf edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə bağlı apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır.    

Sentyabrın 25-də dünyanın diqqəti Naxşıvana yönəldi. Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda görüşən iki qardaş ölkənin Prezidentləri bu məkandan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdılar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir” çağırışını etdi.

Səfər münasibətlərin inkişafında əhəmiyyətli rol oynayacaq addımlarla diqqətdə oldu. Belə ki, İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasiminin keçirilməsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində ən önəmli hadisələrdən biri kimi dəyərləndirildi.  Azərbaycan və Türkiyə dövlət başçılarının da bəyan etdiyi kimi, bu kəmərin çəkilişi əlaqələrimizi daha da möhkəmləndirəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.

Azərbaycanla Türkiyənin əməkdaşlığında enerji amili əhəmiyyətli rola malikdir. İki ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri dövlətləri, xalqları birləşdirir, onlar arasında körpü rolunu oynayır. İğdır-Naxçıvan qaz kəməri Azərbaycanla Türkiyənin enerji sahəsində ortaqlığını daha da dərinləşdirəcək.

Səfər çərçivəsində Prezidentlərin mətbuata bəyanatlarında bildirildi ki, əlverişli coğrafi mövqeyə malik olan Naxçıvanın  Azərbaycanla Türkiyə əlaqələrində xüsusi yeri var. Naxçıvan bu gün də iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir.  Cənab İlham Əliyev diqqəti Naxçıvanın ev sahibliyi edəcəyi Türkiyə-Azərbaycan III Enerji Forumuna yönəldərək bu əminliyi ifadə etmişdir ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var. Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər: “Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.”

İki ölkənin münasibətlərinin inkişafında yeni səhifə açan Şuşa Bəyannaməsinin əhəmiyyətindən geniş bəhs olundu. Bildirildi ki, bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə çox fəal dövrünü yaşayır: “Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti - vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik - bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir.”

Səfər çərçivəsində Bərpa-istehsalat hərbi kompleksinin açılışı müdafiə sənayesi sahəsində əməkdaşlığa ciddi töhfədir. Bütün sahələrdə yüksələn xətlə inkişaf edən  Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhün, təhlükəsizliyin qarantıdır.