Xəbərlər
Sarsılmaz, əbədi və əzəli birliyin nümayişi
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatı
Zəfərdə də, quruculuqda da, dünyanı heyran edən layihələri gerçəkləşdirməkdə də birlik olan qardaş Azərbaycan və Türkiyə dövlətlərinin prezidentləri tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasət hər iki ölkə arasındakı əlaqələri bütün sahələr üzrə daha yüksək səviyyəyə çatdırıb. Azərbaycan-Türkiyə əlaqələrinin uğurlu inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. İki qardaş ölkənin həmrəyliyi və əməkdaşlığı beynəlxalq aləmdə əmin-amanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində böyük əhəmiyyətə malikdir.
Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi bu dəfə Türkiyəni Türk dünyası ilə birləşdirən Azərbaycanın qədim diyarı Naxçıvanda oldu. Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verən İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iki qardaş ölkənin liderləri - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı bir daha iki ölkənin sarsılmaz, əbədi və əzəli birliyini nümayiş etdirdi. Dövlət rəhbərlərinin birlikdə Azərbaycan və Türkiyənin enerji sahəsində ortaqlığını daha da dərinləşdirəcək, Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək İğdır-Naxçıvan qaz kəməri layihəsinin təməlqoyma mərasimində iştirak etmələri uğur və birliyin bariz təcəssümü oldu.
Sevincini və kədərini birlikdə bölüşən iki qardaş ölkənin rəhbərləri tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə daha yüksək səviyyəyə çatmaqda, keyfiyyətcə yeni müstəviyə keçməkdədir. İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nun, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin; “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması iki ölkə arasında əlaqələrin möhkəmləndiyinin təzahürüdür.
Qürur dolu tariximiz olan 44 günlük Vətən müharibəsinin ilk günlərindən qardaş ölkənin Azərbaycana siyasi-mənəvi dəstəyi gücümüzə güc qatdığı kimi sentyabrın 19-20-də Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı, dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarına qarşı antiterror tədbirlərində Türkiyə Azərbaycanın yanında oldu. Bu tarixi gündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikada, Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən açıq və birmənalı bəyanatlar səsləndirərək bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bəyan etdi. Rəcəb Tayyib Ərdoğanın dünyanın ən ali kürsüsündən - Qarabağ Azərbaycan torpağıdır – söyləməsi təbii olaraq gücümüzə güc qatdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğuladığı kimi, sülhün uduzanı olmaz. Azərbaycan-Türkiyə əlaqələrinin uğurlu inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sülhün, sabitliyin bərqərar olmasına hesablanıb. Məhz, bunun üçün tarixinin çətin sınaqlarından uğurla çıxan Azərbaycan-Türkiyə birliyi hər gün yeni bir zəfər çalır.
Dünyada qibtə ilə izlənilən Türkiyə-Azərbaycan birliyi bundan sonra da neçə-neçə möcüzəli, dünyamiqyaslı layihələri reallaşdıracaq, sarsılmaz dostluq və qardaşlığı tərənnüm edəcək.