YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İki dost ölkə uğurları ilə dünyanın diqqətindədir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycan və Türkiyənin sıx münasibətləri dünya ölkələri üçün nümunədir və xüsusilə Türk dünyası dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir. Bir sözlə, Azərbaycan bu prosesdə Türkiyə ilə birgə liderliyi ələ alıb və onu uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında bu mühüm məqam daim vurğulanır ki, bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Rəcəb Tayyib Ərdoğanın  liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz.  Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli amillərdən biridir.

Sentyabrın 25-də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfəri çərçivəsində Naxçıvanda qarşılayan dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında münasibətlərimizin gələcək inkişafında stimulverici amil olan uğurlarımızı bir daha diqqətə çatdırdı. İki qardaş ölkənin Prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Əlaqələrin yeni istiqamətlər üzrə inkişafında hüquqi baza olan sənədlər imzalandı.

Səfər çərçivəsində müzakirə olunan məsələlər birliyimizə, həmrəyliyimizə bir daha işıq saldı. Bütün sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin miqyasının daha da genişlənməsi möhkəm təmələ əsaslanır. Uğurların təməlində Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığı, dünyaya nümunə olması dayanır. Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata birgə bəyanatlarında səsləndirdikləri fikirlər də bütün məqamları özündə ehtiva etdi.

Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımlayıb və bundan sonra da addımlayacaq.

Bu gün iki dost, qardaş ölkənin münasibətlərinə diqqət yetirsək bütün sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafını böyük qürur hissi ilə qeyd edirik. İqtisadi, siyasi, hərbi, humanitar sahədə əlaqələrin daha da inkişafı yönümündə tərəflərin atdığı addımlar, qəbul etdikləri qərarlar göz önündədir. Hər bir səfər bu hədəflərin icrası istiqamətində görülən işlərin və gələcəkdə atılacaq addımların təhlilinə geniş imkanlar yaradır.

Səfər zamanı Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Vurğulandı ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə də start verildi.

Prezidentlərin görüşlərində, mətbuata bəyanatlarında müzakirə olunanan məsələlərdən də göründü kimi, iki qardaş ölkənin ikitərəfli əlaqələrinin gündəliyi zəngindir. Bütün məsələrdə fikir birliyi var. Cənab İlham Əliyevin  qeyd etdiyi kimi, bütün bu tarixi layihələr bir daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır. Biz bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə yönəldirik. Yəni, müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. QArdaş Türkiyənin Azərbaycana göstərdiyi dəstək həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra məhz bu məqsədə çatmaq üçün önəmli amildir.

Türkiyə-Azərbaycan birliyi xalqlarımız, bölgə, Türk dünyası üçün önəmlidir. Keçilən yolun təhlili, günbəgün möhkəmlənən və dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığının fonunda belə bir əminliyi söyləyə bilərik ki,  gələcək illərdə bu birlik daha da güclənəcək, iki dost ölkə uğurları ilə dünyanın diqqətində olacaq.

DİGƏR Xəbərlər Arxiv