Xəbərlər
Əbədi və sarsılmaz birlik
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı nəinki türk dünyası, ümumilikdə dünya üçün nümunədir. İki ölkənin bu qardaşlıq nümunəsini 44 günlük İkinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda, Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının söndürülməsi və bu ilin fevralında baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərilən qardaş köməyində gördük. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir.
Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz birlik bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri göz önündədir. Həm ikitərəfli formatda, həm regional müstəvidə iki ölkənin qardaşlığı və birgə fəaliyyəti önəmli bir amilə çevrilib. Azərbaycan-Türkiyə əlaqələri qədim tarixə malikdir. Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, Türkiyə və Azərbaycan “bir millət, iki dövlət”dir. Mustafa Kamal Atatürk bu qardaşlığı, dostluğu “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikirləri ilə ifadə edib.
Qardaş ölkələrin Prezidentlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, beynəlxalq təşkilatlarda bir-birilərinə dəstəkləri münasibətlərin daha da möhkəmləndirilməsində, yeni istiqamətlər üzrə inkişafında stimulverici amildir. Bu birlik hazırkı dövrün əsas çağırışı olan türk dünyasının birliyinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ildə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə 2022-ci ildə Türk Dünyasının Ali Ordeninə layiq görülməsi də bunun bariz nümunəsidir.
Sentyabrın 25-də Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvan görüşü bir daha bu məqamlara işıq saldı. Türkiyə Prezidentinin Naxçıvana ikinci səfəri qardaşlığımızın müttəfiqlik səviyyəsinə yüksəlməsinin sənəddə öz təsdiqini tapdığı hazırkı dövrə təsadüf etdi. Hər iki dövlət başçısı Şuşa Bəyannaməsinin önəmindən geniş bəhs etdilər. Türkiyə Prezidentinin 15 ildən sonra yenidən Naxçıvana səfəri həm Ermənistana, həm də onun havadarlarına ciddi mesaj oldu.
Hər iki qardaş ölkə ən həssas məqamlarda Prezidentlər səviyyəsində biri-birinin yanında olur. Tarixi Zəfərimizdən sonra Azərbaycanın qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında Azərbaycan və Türkiyə Prezidentləri bir yerdə oldu. Onu da qeyd edək ki, cənab Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərə ilk səfər edən dövlət başçısı oldu. Bu torpaqların bərpası ilə bağlı mühüm addımların təqdimatında dünya hər iki ölkənin Prezidentlərini bir yerdə görür. Türkiyə və Azərbaycan Prezidentləri Qarabağın və Şərqi Zəngəzurun hava qapılarını dünyaya birgə açdılar. Bu kimi məqamları xeyli sayda sadalamaq olar. Bu gün də Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra ölkəmizə səfər edən ilk dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan oldu. Dövlət başçısı İlham Əliyev səfər çərçivəsində mətbuata bəyanatında diqqəti həyata keçirilən bir günlük lokal antiterror tədbirlərinə yönəldərək bildirdi: “Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq.”
Dövlətimizin başçısı mətbuata bəyanatında bu mühüm məqamı qürurla qeyd etdi ki, əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla ərazi bütövlüyünü tam bərpa etmişdiksə, 5 gün əvvəl biz suverenliyimizi tam bərpa etdik.
Naxçıvan səfəri atılan mühüm addımlarla yadda qaldı. İğdır-Naxçıvan magistral qaz kəmərinin çəkilməsi kimi iri iqtisadi layihənin həyata keçirilməsi regionun gələcək inkişafında mühüm rol oynayacaq.