Xəbərlər
Qardaşlıq nümunəsi
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Azərbaycan və Türkiyə Prezidentlərinin sentyabrın 25-də Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda görüşü mühüm məqamları ilə bu gün də geniş müzakirə edilməkdədir. Dünyaya qardaşlığın, dostluğun nümunəsini təqdim edən Türkiyə və Azərbaycan hər zaman biri-birinin yanındadır. Tarixin bütün sınaqlarından şərəflə çıxan bu birliyin daha da möhkəmlənnməsi hər iki tərəfin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Dünya 44 günlük İkinici Qarabağ müharibəsində, həmçinin postmünaqişə dövründə Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təmələ əsaslandığının bir daha şahidinə çevrildi. İki dost ölkə atdıqları addımları ilə ədalətin, beynəlxalq hüququn yanında olduqlarını təsdiqləyirlər. Türkiyənin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə siyasi və mənəvi dəstəyini daim vurğulayan dövlət başçısı İlham Əliyev ölkəmizin bundan güc aldığını bütün çıxışlarında bildirir. Cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuata bəyanatında Ermənistanın sentyabrın 19-da törətdiyi terror aktının səbəb olduğu bir günlük lokal antiterror tədbirlərimizə diqqəti yönəldərək Türkiyənin qardaş dəstəyini belə xarakterizə etdi: “Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq.”
Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Hər iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Səfər çərçivəsində təməli qoyulan İğdır-Naxçıvan qaz kəmərləri də bunun bariz nümunəsidir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi ilə TANAP-ın istifadəyə verilməsi Azərbaycan-Türkiyə birliyinin enerji və nəqliyyat sahəsində uğurlu inkişafının göstəriciləridir. Səfər zamanı keçirilən görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu hədəfi də açıqladı ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır.”
Atılan hər bir addım, reallaşan, eyni zamanda, yeni gündəmə gətirilən layihələr ölkələrimizin, xalqlarımızın nə qədər bir-birinə bağlı, yaxın olduğunu göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanböyük qürur hissi ilə bu birliyi, qardaşlığı “Can Azərbaycanda olmaqdan duyduğum məmnunluğu bir daha ifadə edirəm. Mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərlik üçün Prezident, qardaşım cənab Əliyevə və azərbaycanlı qardaşlarımıza bir daha təşəkkür edirəm. Rəbbim sevgimizi, qardaşlığımızı daimi etsin” fikirləri ilə diqqətə çatdırdı.