Xəbərlər
Anım günü- Şanlı Zəfərin tarixi günüdür
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Ermənistanın silahlı birləşmələrinin Azərbaycana qarşı hərbi təxribatlarının nəticəsi olaraq 1990 - cı illərin əvvəllərində torpaqlarımızın 20 faizi mənfur düşmən tərəfindən işgal edildi. Bir milyona yaxın soydaşımız yurdundan, evindən, elindən didərgin düşdü. 30 ilə yaxın dövrdə min bir əzab əziyyətə qatlaşdı. Çox təəsüflər olsun ki, bu 30 ildə dünya ictimaiyyəti, supergüclər bu ədalətsizliyi görməz kimi gəldilər, susdular, hətta ermənistanı- işgalçını müdafiə etdilər. Bu daha betər dərd. Ancaq, ədalət günü, qisas günü gec də olsa tutarlı oldu.Tək düşməni deyil, bütün dünyanı silkələdi.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Savaş başlanan andan və hələ ondan iki ay öncədən (iyul hadisələri) erməni xisləti öz sözünü deyirdi. Ermənistan Azərbaycandan fərqli olaraq hərbi nöqtələri deyil, dinc sakinləri hədəfə alırdı. Eynilə 1992-ci ildə Xocalıda və digər ərazilərimizdə olduğu kimi. Lakin 2020-ci ildə durum 1990-cı illərdən çox fərqli idi. Azərbaycanın güclü və nizami ordusu, qətiyyətli Ali Baş Komandanı dərhal hadisələrə reaksiya verdi. Birinci qarabag müharibəsi,Tovuz hadisələrində verdiyimiz şəhidlərin, qanı yerdə qalmadı.
Sentyabrın 27-də düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə, 44 gün çəkən və Şanlı Zəfərlə bitən müharibə əks-hücumla başladı. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.
Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid oldu, mindən çox əsgər yaralandı 7 nəfər itkin düşdü. Qürurverici haldır ki, 44 günlük müharibədə Azərbaycan ordusunun döyük taktikası müzakirə edilir, qısa müddətdə düşməni necə darmadağın etməsi, hərb tarixinə gətirdiyi yeniliklər öyrənilir. Təəsüf ki xain düşmən məkrli niyyətindən əl çəkmir. İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmuşdur. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır.
Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistanın şəksiz məğlubiyyəti. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır. Artıq Azərbaycan ərazisindən qanunsuz erməni silahlı birləşmələri çıxarılır. Azərbaycanın Qarabag daxil bütün ərazilərində Azərbaycan qanunları işləyir. Azərbaycanın bütün sərhədlərində milli atributumuz üçrəngli bayragımız dalgalanır. Hər kəs Azərbaycanın gücünü gördü, şəhidlərimizin qisası alındı, qanları yerdə qalmadı. Bütün dünya dostlar sevərək, düşmənlər sızlayaraq təkrarladı: Qarabag Azərbaycandır!