YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Liderlərin hər görüşü yeni siyasi uğurun başlanğıcına çevrilir

Rəşad Mahmudov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı 

Dünya siyasi tarixinin müqayisəolunmaz və heyrət doğuran ittifaqı heç şübhəsiz Azərbaycan-Türkiyə birliyidir. Çanaqqalada Türkiyənin istiqlalı uğrunda Azərbaycan qəhrəmanlarının qanı, Bakının azad olunması savaşında türk əsgərlərinin şücaətilə yoğrulan bu birlik qalib sərkərdə Atatürkün sevgisi, böyük dövlət adamı Heydər Əliyevin müdrikliyi ilə dünya tarixində əvəzsiz iz buraxdı. Bu gün həmin prosesi Türk dünyasının liderləri Ərdoğan və Əliyev tərəfindən beynəlxalq miqyasa yüksələrək zirvəyə çatdırılıb. Bu zirvənin hüquqi təsdiqi kimi imzalanan Şuşa Bəyannaməsi müasir dünya düzənində ən üstün dövlətlərarası münasibətin simvolu sayıla bilər. Zəfər savaşında mənəvi və siyasi dəstəyi ilə Azərbaycanın yanında olan Türkiyə həm Qələbə paradında iştirakı, həm də Şuşa Bəyannaməsi ilə tək dostluq, qardaşlıq mesajını deyil, həm də dünya üçün istənilən təhlükəyə qarşı “Bir millət, iki dövlət” prinsipinin duracağını göstərən həqiqət idi. Qardaş Türkiyə son antiterror tədbirlərində də Azərbaycanın yanında olduğunu ən yüksək səviyyədə bəyan etdi. İllər öncə beynəlxalq tədbirlərin birində Türkiyəyə qarşı çıxış edən erməni rəhbərə “Türkiyə Prezidenti burda yoxdur, əvəzində mən burdayam” deyən Azərbaycan lideri kimi bu günlərdə BMT kürsüsündən Azərbaycan haqqını müdafiə edən Prezident Ərdoğan dünya üçün müqayisəyəgəlməz birlik nümunəsi göstərdi. Antiterror tədbirləri ilə suverenlik və ərazi bütövlüyümüzün tam təmin olunmasından sonra Prezident Ərdoğanın səfərinin Naxçıvana təsadüf etməsi də xüsusi bir siyasi mesaj sayıla bilər. Səfər çərçivəsində keçirilən görüşlərdə və çıxışda da bu mesajlar aydın şəkildə verildi. Prezident Ərdoğanın Naxçıvan səfərində Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bütün dünya üçün bir daha nümayiş olundu. Hər iki dövlət başçılarının səmimi münasibəti, həm bölgənin, həm də bütövlükdə dünyanın siyasi proseslərinə ortaq baxışı onu göstərir ki, bu müttəfiqlik hərbi və siyasi qarşıdurma şəraitində olan bir çox ölkələrə nümunə ola bilər. Eyni zamanda Qafqazdan Orta Asiyaya uzanaraq Türk Dövlətləri Birliyini möhkəmləndirən bu müttəfiqlik dünya siyasi düzəninə də ciddi təsir göstərməkdədir. Bu gün artıq dünyanın qaynar nöqtələrində problemin həlli, böyük iqtisadi layihələrin gerçəkləşməsi üçün Ankaranın və Bakının rəyi əsas götürülür. Bütün beynəlxalq platformalarda eyni mövqedən çıxış edən bu iki qardaş ölkənin imzaladığı sənədlər də həm regional, həm geopolitik, həm də strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Prezident Ərdoğanın Naxçıvana səfəri zamanı imzalanan sənədlər də bu qəbildəndir. Əgər Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında hərbi-siyasi müttəfiqlik yaratmışdısa, bunun ardınca imzalanan sənədlər ortaq iqtisadi maraqların gerçəkləşməsinə xidmət edir. Naxçıvanla Qars arasında dəmir yol xəttinin çəkilişi də belə bir əhəmiyyətə malikdir. Bu dəmir yolunun istifadəyə verilməsi yalnız Naxçıvanın iqtisadi-sosial inkişafı üçün əhəmiyyətli deyil. Naxçıvandan Qarsa uzanan dəmir yol xətti bütövlükdə Şərq-Qərb arasında beynəlxalq logistik layihənin tərkib hissəsidir ki, bu da hər iki dövlətin regional iqtisadi mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Beləliklə, Prezident Ərdoğanın Naxçıvan səfəri Azərbaycan–Türkiyə müttəfiqliyinin möhkəmlənməsinə daha bir töhfə verməklə yanaşı, həm də Avrasiya geopolitik məkanında yeni düzənin əsasını qoyur. Liderlərin hər görüşü yeni siyasi uğurun başlanğıcına çevrilir. Naxçıvan görüşü də yaxın zamanlarda şahidi olacağımız uğurların əsasını qoymuş oldu.

DİGƏR Xəbərlər Arxiv