Xəbərlər
Ali ədalətin təntənəsi
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri
2020-ci ilin 27 sentyabr tarixində səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək bütün cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif tipli silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutmasına cavab olaraq Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyev tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar qısa müddətdə İkinci Qarabağ müharibəsinə - Zəfərlə bitən Vətən müharibəsinə çevrilmişdir.
Azərbaycan xalqı və dövləti Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsinə qərar vermişdir. Bu ehtiramın digər bir nümunəsi Vətən müharibəsində iştirak etmiş əsgər və zabitlərimizə təqdim olunmaq üçün Qələbə münasibətilə medal və ordenlərin təsis olunmasıdır.
Azərbaycan dövlətinin başçısının diqqət və qayğısının bariz nümunəsidir ki, ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Bu qayğıdan və köməkdən söz açanda Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondun və Fondun rəhbəri xanım Mehriban Əliyevanın fəaliyyətini vurğulamaq yerinə düşər.
II Qarabağ Müharibəsindən danışan zaman qürur hissi ilə qeyd etməliyik ki, dövlətimizin başçısının apardığı daxili siyasət sayəsində Azərbaycanın bütün potensialı səfərbər olunmuş və ölkədə milli həmrəylik mühiti təmin olunmuşdur. İlk dəfə idi ki, Azərbaycan ictimaiyyəti ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların Vətən naminə həmrəyliyinə şahidlik etdi.
Müzəffər Ali Baş Komandanın qətiyyəti və vətən uğrunda sevə-sevə canlarından keçməyə hazır olan Qəhrəman Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı ermənilərin və onların havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Xüsusilə vurğulamaq lazımdır ki, hərbi cəbhədə olduğu kimi diplomatiya və informasiya savaşı cəbhəsində də Prezident İlham Əliyev misilsiz rəşadət göstərərək otuzdan çox aparıcı xarici media subyektinə verdiyi müsahibələrlə Azərbaycana qarşı informasiya blokadasını yarmışdır.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Dəfələrlə seperatçı silahlı birləşmələrin regiondan çıxarılması barədə üçtərəfli bəyanatın müddəalarının təmin olunması qarşı tərəfə bildirilsə də bəzi qərbli havadarlarının dəstəyinə güvənən seperatçılar daha da azğınlaşaraq bölgədə terror aktları törətməklə sülh və sabitliyi pozmağa çalışırdılar. Lakin onlar unutdular ki, “Dəmir yumruq” yerindədir. Təbii ki, sentyabrın 19-da 23 saatlıq antiterror tədbirləri sayəsində ali ədalətin təntənəsinə şahidlik etdik. Müqəddəs Vətən torpağının hər qarışına hakim olan Azərbaycan Ordusu üçrəngli bayrağımızı mavi səmamızda dalğalandırdı.