YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyasının həmrəyliyinə töhfə

Sentyabrın 25-də dünyanın diqqəti Naxçıvan Muxtar Respublikasına yönəldi. Azərbaycana növbəti rəsmi səfərini edən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı Türkiyəni türk dünyası ilə birləşdirən Naxçıvanda dövlət başçısı İlham Əliyev qarşıladı. Türkiyə Prezidentinin Naxçıvan səfəri zamanı iki dost, qardaş, müttəfiq ölkənin sarsılmaz birliyi, həmrəyliyi bir daha bütün dünyaya nümayiş etdirildi. Azərbaycan və Türkiyə prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalandı. Bu sənədlər iki dost, qardaş ölkə arasında əlaqələrin inkişafında möhkəm hüquqi baza olaraq əhəmiyyətli rol oynayacaq.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O deyib: “Sentyabrın 25-də imzalanan sənədlər bizi 2020-ci ilin 10 dekabr tarixində ölkəmizdə keçirilən Zəfər paradında iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra azərbaycanlı həmkarı İlham Əliyevlə mətbuata birgə bəyanatlarında səsləndirdiyi fikirləri yada salmağa çağırış edir. Qardaş ölkənin Prezidenti həmin gün qeyd etmişdi ki, bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcək.

Həmin vaxtdan ötən üç ilə yaxın dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına yönələn qarşılıqlı səfərlərin, həmçinin imzalanan sənədlərin say tərkibinə diqqət yetirdikdə bu imzaların işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun fərqli şəkildə yüksəlişinə necə böyük təsir göstərdiyini görməmək mümkün deyil. Türkiyə şirkətləri bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində fəal iştirak edirlər. Türkiyə Prezidenti azad Qarabağa və Şərqi Zəngəzura ilk səfər edən dövlət başçısıdır. Azərbaycan və Türkiyə prezidentləri hər zaman bir-birlərinin yanında olmaqdan qürur duyurlar. Qarabağın və Şərqi Zəngəzurun hava qapıları olan Füzuli və Zəngilan Beynəlxalq aeroportları məhz Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakları ilə dünyaya açılıb. Birgə atılan addımların miqyası o qədər genişdir ki, onların tam şəkildə xronologiyasını təqdim etmək mümkün deyil. Bu baxımdan şübhə yoxdur ki, Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində imzalanan hər bir sənəd də əlaqələrin inkişafında yeni mərhələnin, yeni prioritetlərin müəyyənləşdirilməsəsində mühüm rol oynayacaqdır. Bu sənədlər arasında iki qardaş ölkə prezidentlərinin iştirakı ilə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu xüsusi qeyd etmək istərdim. Ümumilikdə, Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü bir çox yaddaqalan məqamlarla diqqətdə oldu”.

Vüqar Rəhimzadə qeyd edib ki, iki qardaş ölkə hər zaman birlik, həmrəylik çağırışları ilə dünyanın diqqətindədir. Dünya bu iki dost ölkənin timsalında qardaşlığın, müttəfiqliyin nümunəsini görür. Böyük öndərlər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikirləri bütün dövrlər üçün aktuallığını qoruyur, münasibətlərin yüksələn xətlə inkişafına bələdçilik edir. Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları iki qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə bir daha işıq saldı. Belə ki, Prezident İlham Əliyev mətbuata bəyanatında diqqəti bu günlərdə Azərbaycanın 24 saat müddətində apardığı lokal xarakterli antiterror tədbirlərinə yönəldərək bildirdi ki, əziz qardaşım bu hadisə baş verəndə Amerikada, Nyu-Yorkda idi. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edirdi. Orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən ədalətli bəyanatlar verdi. Bu, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar idi. Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan qardaş ölkənin yanımızda olduğunu, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” çağırışını bir daha xatırlatdı və bildirdi ki, bu, bir çoxları üçün ciddi siqnal, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq.

YAP Xətai rayon təşkilatının sədri iki ölkənin münasibətlərinin inkişafında yeni mərhələnin əsası olan Şuşa Bəyannaməsinə də diqqəti yönəldib. Qeyd edib ki, dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu sənəddən də bəhs etdi. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə əlaqələrimiz çox fəal dövrünü yaşayır. Türkiyədən Azərbaycanın bir parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start verildi. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Ölkə Prezidenti belə bir əminliyi ifadə etdi ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək.

Vüqar Rəhimzadə səfərin vacib məqamlarından biri kimi, Naxçıvanda alternativ enerji resursları hesabına elektrik enerjisinin ötürülməsi və ixrac olunması üçün sistemin qurulmasının nəzərdə tutulduğunu qeyd edib. Çünki Naxçıvan bu sahədə böyük potensiala malikdir. Hazırkı dövrün əsas çağırışlarından birinin məhz bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq, bu mühüm məsələnin əsas müzakirə edilən mövzular sırasında olması təqdir edilir. Prezidentlərin mətbuata birgə bəyanatlarında bu mühüm addım da diqqətə çatdırıldı ki, bir neçə gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcək. Prezident İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər.

Onun sözlərinə görə, qardaş ölkənin Prezidentinin paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrinə də səfər etməsi, bu məkanlarda qarşılanmaqdan qürur hissi keçirməsi münasibətlərimizin möhkəm təməl üzərində uğurlu inkişafından xəbər verir. Rəcəb Tayyib Ərdoğan bu qardaşlığı “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk” fikirləri ilə ifadə etdi. Bildirdi ki, təməli qoyulan İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığımızı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Ümumiyyətlə, nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələri inkişaf etdirmək üçün iradə ortaya qoyuldu.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, zəngin tarixə, sıx dostluq, qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə müttəfiqliyinin daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. Bu münasibətlər liderlərin şəxsi münasibətlərinin, səmimiyyətin əsasında daha da möhkəmlənir. Dünyaya nümunə olan bu dostluğa edilən əlavələr, Azərbaycan-Türkiyə birliyi ümumilikdə türk dünyasının həmrəyliyinə böyük töhfədir. Zəngəzur dəhlizinin açılması türk birliyini daha da möhkəmləndirəcək.

DİGƏR Xəbərlər Arxiv