Xəbərlər
Etibarlı münasibətlərin göstəricisi
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatı
Müstəqil Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətləri yüksələn xətlə inkişaf edir. Ölkə Prezidenti İlham Əliyevin Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri, eyni zaman qardaş dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsinə, dərinləşməsinə şərait yaradıb. Etibarlı münasibətlərin göstəricisi olan qarşılıqlı səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün hər zaman xarici siyasətin əsas prioritetlərindən biri olub.
Dövlət başçımız İlham Əliyevin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı və çıxış etməsi də məhz ölkəmizin Tacikistan, ümumilikdə Mərkəzi Asiya ölkələri ilə olan çox yaxşı münasibətlərinin göstəricilərindəndir. Ölkə başçımızın qeyd etdiyi kimi, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Dövlətlərimiz arasında əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.
Bölgədə yaradılmış nəqliyyat-logistika infrastrukturunda təmsil olunan Azərbaycan və Tacikstan ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Yeni iqtisadi prioritetlər çərçivəsində investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahəsində intensiv əməkdaşlıqlar, ikitərəfli əməkdaşlığın mühüm meyarları-qarşılıqlı ticarətin və sərmayələrin artımı da inkişaf etdirilir. Ölkələrimiz arasında birgə ticarətin inkişaf dinamikası da artan xəttlə inkişaf edir. Belə ki, 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir.
Prezident İlham Əliyevin Tacikistana səfəri, Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştiraki iki ölkə arasında münasibətlərin yeni mərhələsi hesab oluna bilər.