YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir

“Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət ölkəmizə bütün dünyada böyük nüfuz qazandırıb. Dövlətimizin başçısının  siyasəti nəticəsində Azərbaycan dünya miqyasında  etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyada yüksək liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı kimi qəbul olunur. Dövlətimiz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq xoş mərama əsaslanan qonşuluq siyasəti aparır, daim beynəlxalq həmrəyliyin güclənməsinə hesablanan təşəbbüslərlə çıxış edir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir. Sentyabrın 14-də isə Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. İlk dəfədir ki, Məşvərət görüşündə regiondankənar ölkənin rəhbəri iştirak edir. Bu, Prezident İlham Əliyevin şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tutur. Bu regionda daha çox türk dövlətləri yerləşir. 2020-ci ildə ərazilərini erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək.

Bundan əlavə, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son 2  il ərzində Prezident İlham Əliyev bu regiona 9 səfər edib.  Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.

Pərvin Kərimzadə qeyd edib ki, Prezident İlham Əliyevin sentyabrın 14-də Tacikistana səfəri və səfər çərçivəsində bir sıra tədbirlərdə iştirakı dövlətimizə və onun başçısına göstərilən ehtiramın ifadəsidir. Səfər zamanı iki ölkənin rəhbəri təkbətək görüşərək ikitərəfli münasibətləri müzakirə ediblər. Ümumiyyətlə, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Prezident İlham Əliyevin bu ilin aprel ayında Tacikistana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsi hesab oluna bilər.

Prezident İlham Əliyevin  Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı dediyi kimi, ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Dövlətimizin başçısı bildirib: “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk”. Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Məlumdur ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə də tranzitin əhəmiyyətinin az olmadığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu Mərkəzi Asiya ölkələri üçün açıqdır. Bundan əlavə, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan tərəfindən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağı gözlənilir. Bütövlükdə, bütün sahələr üzrə əlaqələrin inkişafı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətləri əhəmiyyətli dərəcədə gücləndirir.