YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ambisiyaların sonu, yaxud sonu gətirən ambisiyalar...

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Azərbaycanda müvafiq dövlət qurumu tərəfindən bir çox siyasi partiyaların, o cümlədən bəzi radikal mövqeləri tanınan partiyaların üzvlərinin reyestri təsdiq olundu. “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq həyata keçirilmiş bu prosedurun mahiyyətində təəccüb doğuran heç nə yoxdur. Azərbaycan qanunun aliliyi və bütün demokratik dəyərlərin qorunması prinsiplərinə ciddi şəkildə əməl olunan ölkədir. Həmçinin ölkəmizdə çoxpartiyalı siyasi sistem mövcuddur. Milli maraqlara və müasir çağırışlara uyğun aparılan islahatlar isə real nəticələr verir.

Bütün bunlarla yanaşı, qeyd olunan proses cəmiyyətdə kifayət qədər böyük maraq doğuran müzakirələrə yol açmış oldu. Daha dəqiq desək, müzakirələrin əsas mövzusu, əlbəttə ki, bilavasitə reyestrlərin təsdiq olunması faktı deyil, daha çox radikal müxalifət partiyaların növbəti dəfə üzləşdikləri siyasi fiasko və düşdükləri mənəvi iflas durumu ilə bağlı məqamlardır.

İlk növbədə radikalların yeni Qanuna qarşı “tutarlı arqument” kimi istifadə etməyə ümid etdikləri “iqtidarın ölkədə təkpartiyalı sistem yaratmaq planı” barədə absurd ittihamlar onların özlərinə qayıdan bumeranq effekti yaratdı. Artıq bu partiyaların sıravi üzvləri də gördülər ki, dövlət siyasi baxışlarından asılı olmayaraq, yeni Qanunun tələblərini yerinə yetirən bütün siyasi qüvvələrin reyestrini təsdiq edir.

Təbii ki, radikalları yeni Qanuna qarşı çıxmağa “vadar edən” əsas məqamlardan biri də beş min imza toplanması tələbi ilə bağlı idi. Görəsən niyə? Axı məhz bu qanuni və son dərəcə ədalətli tələb illər boyunca yüz minlərlə tərəfdaşa malik olduğunu iddia edən bəzi partiyalara real potensiallarını nümayiş etdirmək imkanı verdi. Deməli, burada da real imkanlar arzu və xəyallarda canlandırılanlardan çox-çox fərqli imiş və bu fərq həmin partiyaları sağlam rəqabətdən qaçmağa sövq edən əsas amillərdən biridir. Bu da növbəti yalanın ifşası.

Bu yalanlar siyasi mədəniyyətsizliklə, bəzən isə hətta açıq-aşkar mənəviyyatsızlıqla müşayiət olunarsa, bu zaman hansı xalq dəstəyindən danışmaq olar? Dünənə qədər yeni Qanunu iqtidarın onlara qarşı “planı” kimi təqdim etmək üçün olmazın iftiralara əl atan radikal müxaliflərin bu gün artıq qeydiyyatdan keçdikdən sonra bircə kəlmə belə üzrxahlıq ifadəsi dillərinə gətirmədən öz “fəaliyyət”lərinə davam etmələri ən azından riyakarlıq kimi qiymətləndirilməlidir. Təbii ki, iqtidarın bu üzrxahlığa heç bir ehtiyacı yoxdur. Dövlət bu partiyaların üzvlərinin reyestrini təsdiq etməklə sadəcə bir daha siyasi dialoqa sadiqliyini nümayiş etdirdi və qanunun aliliyinin vacibliyini vurğuladı. Lakin cəmiyyət heç bir halda bu kimi ikiüzlülüyü bağışlamayacaq. Ümumxalq mənafelərini deyil, öz şəxsi ambisiyalarını ön plana çəkən bütün qüvvələr son nəticədə ölkənin siyasi səhnəsindən getməyə məhkumdurlar. Odur ki, seçim elə də böyük deyil. Ya ambisiyalara son qoyulacaq, ya da həmin ambisiyalar onların siyasi sonunu gətirəcək.