YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Ajiotaj yaratmaq cəhdi özünəinamsızlığın təsdiqidir

Hər bir məsələyə mənfi yöndən yanaşmaq, ictimai fikri çaşdırmaq heç bir siyasi partiyaya başucalığı gətirməz

“Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar mövcuddur. Bir mühüm məqamı da nəzər alaq ki, hər bir demokratik cəmiyyətdə müxalifətin olması vacib amildir. Təbii ki, burada söhbət konstruktiv müxalifətdən gedir. Müxalifətçiliyi hələ də dövlətə, dövlətçiliyə müxalifətdə olmaq kimi dəyərləndirən radikal  müxalif partiyalar isə  hakimiyyətin atdığı hər bir addıma qara eynəkdən baxmaqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər. Bu baxımdan, həmin dairələrin yeni qəbul olunan “Siyasi partiyalar haqqında” Qanun ətrafında yaratdıqları ajiotaj  diqqətdən kənarda qalmır. Reallıq budur ki, yeni Qanunun qəbulu dövrün, zamanın tələbi olmaqla yanaşı, siyasi islahatların tərkib hissəsidir. Tarixi Zəfərimizin reallıqları bütün sahələrdə yeniləşməni, təkmilləşməni zərurətə çevirdi. Siyasi sistemin təkmilləşməsi də günümüzün əsas tələbi kimi qarşıda dayandı. Bunun üçün  parlamentdə təmsil olunan siyasi partiyalar yeni “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə müraciət etdilər. Qanunun hazırlanmasında beynəlxalq təcrübəyə istinad edilməsi, eyni zamanda, ölkədə qeydiyyatdan keçmiş bütün partiyaların rəy və təkliflərinin nəzərə alınması demokratik prinsiplərə sadiqliyin bariz nümunəsi kimi dəyərləndirildi.  “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi hazırlanaraq Milli Məclisdə müzakirələrdən sonra qəbul olundu. Bu ilin əvvəlində dövlət başçısı İlham Əliyev yeni Qanunu təsdiqlədi. Özündə bütün yenilikləri, ölkədə gedən inkişafı, tərəqqini əks etdirən, ən əsası, siyasi partiyaların fəaliyyətinə geniş imkanlar yaradan “Siyasi partiyalar haqqında” yeni Qanun ətrafında  aparılan müzakirələr  radikallığı özlərinə bir fəaliyyət istiqaməti kimi seçən siyasi partiyaların nədən ehtiyat etdiklərini bir daha ortaya qoyur”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, müzakirələrin gedişində radikalların “Siyasi partiyalar haqqında” Qanunla bağlı fikirlərinin nə qədər qərəzli, şəxsi ambisiyalarına xidmət edən, reallıqdan uzaq olduğu təsdiqləndi: “Radikal müxalifətin  əl-ayağa düşməsinə, qeyri-ciddi fikirləri ilə ictimai rəyi çaşdırmağa xidmət edən  addımlarının arxasında dayanan amillərdən biri  beş min üzvün təsdiqlənməsi məsələsi oldu. Reallıq budur ki, xalq bu partiyaların hansı elektorata malik olduqlarını çox yaxşı bilir. Azərbaycanda keçirilən demokratik seçki prosesləri, eyni zamanda, bu ünsürlərin  ölkəmiz barədə  beynəlxalq aləmdə mənfi rəy yaratmaq, Azərbaycanın demokratik imicinə xələl gətirmək məqsədilə keçirdikləri aksiyalara topladıqları insanların sayı da onların  sosial dayaqdan məhrum olduqlarını  nümayiş etdirib”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, hazırda müxalif cəbhədə cərəyan edən proseslərə diqqət yetirsək, xeyli müddətdir  yeni Qanunla bağlı hakimiyyətin ünvanına  qərəzli fikirlər, ittihamlar səsləndirən  partiyaların təmsilçilərində  qeydiyyatdan sonra bir süstlük yarandığını görərik: “Proseslərin  sonunu gözləmədən  elə ilk addımda gündəmə gətirilən hər bir məsələyə  mənfi yöndən yanaşmaq, ictimai fikri çaşdırmaq heç bir siyasi partiyaya başucalığı gətirməz.  “Siyasi partiyalar haqqında” Qanunun ayrı-ayrı maddələrinə diqqət yetirdikdə  radikal müxalifətin ətrafında ajiotaj yaratmağa çalışdığı məsələlərin əsl mahiyyətini aydın şəkildə görə bilərik. Bu ünsürlərin apardıqları təbliğatın əksinə olaraq sənəddə bildirilir ki, dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Qanunda hər hansı siyasi məhdudlaşmadan söhbət belə gedə bilməz. Siyasi partiyaların qanun qarşısında bərabərliyi təsbit olunur. Lakin radikallar belə rəy yaratmağa çalışdılar ki, guya yeni Qanun siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına, ayrı-seçkiliyə xidmət edir. Yeni Qanunda partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi də öz əksini tapır. Təbii ki, partiyaların səmərəli fəaliyyəti üçün  stimulverici amil olacaq bu mühüm addım onların maliyyələşməsində qaranlıq məqamların  olmamasına xidmət edir”.

V.Rəhimzadə qeyd edib ki, ümumilikdə  qeydiyyat prosesindən sonra siyasi mühitdə cərəyan edən hadisələr onu deməyə əsas verir ki, radikal  müxalifətin yeni Qanunu hədəf seçməsi məqsədli xarakter daşıyır: “Onların  ictimai fikri çaşdırmaq üçün söylədikləri  fikirlərin heç bir əsası olmadığı sübut olundu. Ajiotaj yaratmaq cəhdi özünəinamsızlığın təsdiqidir.  Hakimiyyət  siyasi partiyaların üzvlərinin reyestrini təsdiq etməklə demokratik cəmiyyətin mühüm amili olan siyasi dialoqun daha da dərinləşməsində  maraqlı olduğunu təsdiqləyir. Yeni Qanun  siyasi partiyalar üçün  demokratik fəaliyyət  meyarlarını müəyyən edir. Hər yeni sənəd, təbii ki, qarşıdakı dövr üçün hədəfləri, çağırışları özündə ehtiva edir. Bu baxımdan, hər bir ölkənin inkişafında, dövlətlər arasında   əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayan siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi Azərbaycan iqtidarının diqqət göstərdiyi əsas məsələlər sırasındadır. Bu fəaliyyətin daha da genişləndirilməsi üçün mövcud hüquqi bazanın dövrün, zamanın tələbinə uyğun təkmilləşdirilməsi mühüm əhəmiyyətə malikdir”.