Xəbərlər
Marginallaşmış qruplar meydan təfəkküründən qurtula bilməyiblər

Emil Abasov
YAP Pirallahı rayon təşkilatının sədri
Demokratik sistemin ən vacib göstəricilərindən biri hüquqi dövlətin bərqərar olması və onun işlək mexanizmlərinin formalaşdırılmasıdır. Hüquqi dövlət fəlsəfəsinin təməlində dövlətin qanunlar qəbul etməsi və özünün yaratdığı bu normativ aktlara tabe olması dayanır. Deməli, bu imperativ normalar cəmiyyətin bütün institutları, fərdləri və iqtidar, yaxud müxalifət olmasından asılı olmayaraq həm də bütün təsisatlar üçün məcburidir. Bu elementar həqiqətlərin dərk olunmuş zərurət kimi qəbul və təsdiq edilməsi ilə vətəndaş cəmiyyətinin işləkliyi test edilir.
Bəs gəlin görək Azərbaycan müxalifətinin radikal hissəsi bu məlum həqiqətlərdən xəbərdardırmı? “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu və icrasına başlanılması zamanı onların tutduğu mövqe göstərdi ki, nəinki bu dəyərlərdən xəbərdardırlar, hətta düşüncə sistemi olaraq meydan təfəkküründən uzağa gedə bilməyiblər. Təəssüf ki, bu güruh qanunu “antidemokratik” adlandıraraq “iqtidarın ölkədə “təkpartiyalı sistem” yaratmaq cəhdi” kimi əsassız ittihamlar yağdırmağa başladı.
Belə hayhəşirin ən başlıca səbəbi ondan ibarət idi ki, bu dairələr partiyanın qeydiyyatı üçün tələb olunan 5 min nəfər üzvün reyestrini təqdim edə bilməyəcəklərindən qorxurdular. Bunu açıq deməsələr də, aydın görünürdü ki, bu düşərgədə öz elektoratlarına qarşı ciddi bir güvənsizlik hökm sürür. Bəs bu dərin inamsızlığın arxasında nə dayanır?
Səbəb odur ki, radikal düşərgə uzun illər boyu həyata keçirdiyi destruktiv siyasi fəaliyyətin acı nəticələrini görür. 30 ildir cəmiyyətə heç bir səmərəli, perspektivli inkişaf strategiyası, ya da heç olmasa, uğurlu bir layihə təqdim edə bilməyən bir siyasi qurum indi hansı sifətlə elektorata üz tutsun? Azərbaycana qarşı düşmən mövqe tutan Fransa barədə “tənqid etmək olmaz, demokratiyanın beşiyidir” deyən, Azərbaycanın şanlı Qələbəsinə kölgə salmağa çalışan bir güruha bu xalq inana bilərmi? Beləliklə, marginallaşan bu güruhun əndişələri əslində bu baxımdan başadüşüləndir.
Digər məqam isə ondan ibarətdir ki, onlar əslində qeydə alınmayıb hay-küy yaratmaq, beynəlxalq ictimaiyyət qarşısında öz dövlətini antidemokratik göstərib meydanlara çıxmaq, diqqət cəlb etmək və ölkəmizə təzyiq göstərmək istəyən xarici ermənipərəst dairələrə öz xidmətlərini təklif etmək niyyətində idilər. Lakin Azərbaycan hakimiyyətinin demokratik prinsiplərə, qanun aliliyinə yüksək sədaqəti, hüququn üstunlüyünə sonsuz inamı onların bu arzularını da gözündə qoydu. Belə ki, təqdim etdikləri üzvlərlə bağlı reyestr Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunanda yenə əməllərinə sadiq qalaraq, iqtidarın siyasi dialoq kimi xoşməramlı addımlarına qara yaxmaq cəhdlərindən əl çəkmirlər. Lakin bunun da onlar üçün “praqmatik” səbəbləri var. Çünki bundan sonra yenə bir-birini “hakimiyyətə işləməkdə”, “reyestr müxalifəti”nə çevrilməkdə ittiham edib olan-qalan məhdud marginal elektoratının və ən əsası, xaricdən gələn qrant kanallarının itirilməsindən qorxurlar. Görünən odur ki, bu güruh üçün “5-ci kolon” rolunu oynamaq ideoloji və psixoloji baxımdan daha sərfəlidir. İdeoloji demişkən, heç bir idelogiyaları da yoxdur axı...