YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük töhfələr

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan nəqliyyat-kommunikasiya sahəsində beynəlxalq miqyasda cəlbedici ölkəyə çevrilib. Bu məsələdə qonşu dövlətlərlə fəal əməkdaşlıq da vacib rol oynayır. Normal qonşuluq siyasəti tranzit daşımalarının genişləndirilməsi üçün əsas şərtlərdən biridir. Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək, ərazi iddiaları ilə çıxış etmək kimi bir niyyəti yoxdur. Məhz belə bir ardıcıl xarici siyasət kursunun məntiqi nəticəsidir ki, respublikamız 30 illik müstəqillik tarixində Ermənistan istisna olmaqla bütün qonşularla yüksəksəviyyəli münasibətlər qurmağa nail olub. Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər bütövlükdə Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun inkişafını, burada sağlam əməkdaşlıq konfiqurasiyasının formalaşmasını hədəfləyir. İndiyədək Azərbaycanın moderatorluğu ilə reallaşdırılan bir sıra enerji və nəqliyyat layihələri ölkəmizin mənafeyinə xidmət etməklə yanaşı, həm də regional və qlobal əhəmiyyət daşıyır. Ölkəmiz bu layihələri əsasən qonşu dövlətlərlə sıx əməkdaşlıq şəraitində reallaşdırmağa nail olub. Azərbaycanın Türkiyə, Gürcüstan, Rusiya, Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkəmiz və xalqımız belə yüksəksəviyyəli qonşuluq  münasibətlərindən məmnundur və bununla qürur duyur.

Digər bir mühüm amil Azərbaycanın qısa müddətdə ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə müasir infrastruktur qurmağa nail olmasıdır. Son illərdə respublikamız nəqliyyat-logistika infrastrukturu quruculuğuna böyük həcmlərdə investisiyalar yönəldir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bunlar ölkəmizin gələcəyinə yönəldilən investisiyalardır. Ölkə ərazisində avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması ilə paralel şəkildə, digər istiqamətlərdə də yeni layihələr reallaşdırılır. Son vaxtlaradək Azərbaycanda 6 beynəlxalq səviyyəli hava limanı fəaliyyət göstərirdi. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan ikisi - Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verilib, digər bir aeroportun inşası isə Laçın rayonunun ərazisində intensiv şəkildə davam etdirilir.

Ölkə ərazisində dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük həcmlərdə investisiya tutumuna malik layihələr reallaşdırılıb. Azərbaycanın moderatorluğu ilə inşa olunan və 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirməklə Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Ən son texnologiyalar əsasında inşa olunan Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti ildə 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər. Hazırda BTQ-nin və Bakı Beynəlxalq Ticarət Limanının genişləndirilməsi layihələri uğurla davam etdirilir. Yaradılan yüksək səviyyəli infrastruktur yüklərin Azərbaycan ərazisindən təyinat yerinə tez və rahat çatdırılmasını təmin edir.

Müxtəlif istiqamətlərdə uzanan və bir-biri ilə inteqrasiya olunan dəhlizlər Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır. Qədim İpək yolu marşrutu üzrə uzanan Şərq-Qərb dəhlizi ənənəvi marşrutdur. Mərkəzi Asiyadan gələn yüklər bu marşrutla daşınır. Dünya nəhəngi Çin də bu marşrutdan istifadə etməklə öz mallarını Avropa məkanına çatdırır. Ölkəmizin ərazisindən keçən Şimal-Cənub marşrutu isə son dövrlərdə formalaşıb. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb. Azərbaycan həmçinin ölkə ərazisindən keçən və son vaxtlarda aktuallığı daha da artan Orta Dəhlizin inkişafına da böyük töhfələr verir. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Bütün bunlar ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu və mövqelərini gücləndirir.