YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İradə, cəsarət, öz gücünə əminlik

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfəri bu torpaqların sahibi olaraq hər birimizdə böyük qürur hissi yaradır. Müzəffər Ali Baş Komandan bu məkanlardan Ermənistana və ona havadarlıq edənlərə ünvanladığı mesajlarla bird daha dövlətimizin müstəqil siyasətini, hər addımında ədalətə və beynəlxalq hüquqa söykəndiyini açıqlayır. Laçın Şəhər Günündə keçirilən bayram tədbirində dövlət başçısı İlham Əliyev bir daha işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarından bəhs edərək belə bir əminliyi ifadə etdi: “Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq.”

30 illik işğal dövründə bütün ərazilərinizi tamamilə dağıdan, yerlə-yeksan edən ermənilər nə qədər vəhşi millət olduqlarını sübut etdilər. Azərbaycan dövləti bu gün həmin torpaqlarda apardığı genişmiqyaslı bərpa-quruculuq işləri ilə nə qədər qurucu, yaradıcı xalq olduğumuzu, torpaqlarımızın tarixi sahibinə qayıtdıqdan sonra həyatının yeni mərhələsini yaraşadığını təsdiqləyir.

Azərbaycan 30 il münaqişənin sülh yolu ilə həlli istiqamətində səylər göstərdi. Ermənistan isə əksinə, ona havadarlıq edən dövlətlərə arxalanaraq danışıqlara imitasiya naminə qatıldı, vaxt qazanmaq üçün təxribatlar törətməklə diqqəti yayındırmağa, sülh danışıqlarına mane olmağa çalışdı. Ermənistan torpaqlarımızdan öz xoşu ilə çıxmaq fikrində deyildi. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, guya beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Azərbaycan dövləti, xalqı bununla heç zaman razılaşan deyildi.  Amalımız ərazi bütövlüyümüzün tam bərpa edilməsi idi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində buna nail olduq. Dövlət başçısı İlham Əliyev bayram tədbirində bildirmişdi: “Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz.”

Azərbaycan ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti ilə Ermənistana yeni reallıqları qəbul etdirir. Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyirdi. Ermənilər hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaq, azərbaycanlılar bu vəziyyətlə barışacaq.

44 günlük İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında nəyə qadir olduğunu dünyaya nümayiş etdirmişdir. 44 günlük İkinci Qarabağ müüharibəsində tarixi Zəfərimiz ölkəmizin bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu. 44 gündə 30 ilin işğalına son qoyan Azərbaycan dünya hərb tarixinə yeni səhifə yazdı.  Dövlət başçısı İlham Əliyevin çıxışlarında bildirdiyi kimi, həyat bir daha onu göstərdi ki, nə deyiriksə, onu da edirik. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, işğalla heç zaman barışmayacaq, bir qarış torpağımız belə düşmənə verilməyəcək.

Azərbaycan bu gün yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə diqqətdədir. Tarixi Zəfərimizdən ötən üç ilə yaxın dövrdə gedən proseslərə nəzər salsaq ölkəmizin daim regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, yeni əməkdaşlıq formatlarının yaradılmasına nə qədər maraq və səy göstərdiyini görərik. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan bu ilin aprelində Laçın rayonunda sərhəd-buraxılış məntəqəsini yaratmaqla ərazi bütövlüyünü tam təmin etdi. Cənab İlham Əliyev Laçın Şəhəri Günündə keçirilən bayram tədbirində də bu məqama xüsusi diqqət yönəltdi ki, bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək bunu etdik: “Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz.”

Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Bu mühüm addım gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.