Xəbərlər
Sağlam gənclik sağlam gələcəkdir
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri
Gənclər xüsusi sosial-demoqrafik qrup kimi bəşər tarixinin bütün inkişaf mərhələlərində cəmiyyətin əsas aparıcı qüvvəsi və qabaqcıl ideyaların daşıyıcısı olaraq qəbul olunmuşdur. Bu dünən də belə olmuş, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. Gənclərin sosial xüsusiyyətləri sosial sturukturun təşəkkülü prosesində tutduğu spesifik mövqe ilə, habelə, artıq bərqərar olmuş ictimai münasibətlərin varisi olmaq, bu münasibətlərin təşəkkülünə fəal təsir göstərmək bacarığı ilə müəyyən olunur. Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ancaq ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onun mənsub olduğu xalqın rifahının çiçəklənməsinə xidmət edir.
Böyük qürur hissi ilə qeyd etməliyik ki, müasir Azərbaycan gəncliyi də tarixi kökümüzdən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyimizin inkişaf etdirilməsi prosesində yaxından iştirak edərək tarixi nailiyyətlər qazanırlar. Qəhrəman və yenilməz Azərbaycan gəncliyi tarixi Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsində də öz qələbə əzmini bir daha bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Respublikasında Dövlət Gənclər Siyasəti çox uğurla həyata keçirilir. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Məhz Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilir. 1996-cı il fevralın 2-də keçirilən I Forumdan başlayaraq bu gün hər il ölkəmizdə gənclər günü kimi qeyd edilir.
Gənc nəslin cəmiyyətimizdə tutduğu rola çox yüksək qiymət verən Ümummilli Liderimiz qeyd edirdi ki, millət üçün, dövlət üçün, xalq üçün uşaq, gənclik hər şeydən qiymətlidir. Uşağın dünyaya gəlməsi, onun sağlam böyüməsi, gənc nəslin yaxşı təhsil alması hər bir millətin, xalqın ən dəyərli sərvətidir. Çünki o, millətin, xalqın gələcəyidir, millətin, xalqın daimiliyidir, əbədiliyidir. Ulu Öndər gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini də ən vacib məsələ hesab edir və bildirirdi ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır. Gənclərdə, gənc nəsildə vətənpərvərlik hissini, Vətənə xidmət etməyi, orduda xidməti şərəf bilmək və Vətən yolunda həlak olmağa, özünü qurban verməyə daim hazır olmaq hisslərini daha da yüksəklərə qaldırmalıyıq.
Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu fikirlər 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə də öz qəti təsdiqini tapır. Sağlam gənclik hər bir millətin təhlükəsizliyinin, bütövlüyünün, inkişafının əsas təminatçısıdır. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Deməli, sağlam gənclik sağlam gələcəkdir.