YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhtəşəm strategiyanın müəllifi

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Gənclərinin III Forumunda söylədiyi nitqində demişdir: “Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır.” Bu gün Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi, zəngin mədəni-tarixi irsimizi qoruyub yaşadır və inkişaf etdirir. Gənclərimiz bütün hallarda ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, məşğul olduqları istənilən sahədə yüksək vətəndaşlıq hisslərinə sahib olduqlarını nümayiş etdirirlər. Əlbəttə ki, Azərbaycan gəncliyinin məhz bu dəyərlər əsasında formalaşması Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin nəticəsidir. Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.

2000-ci ilin 29 dekabr tarixində yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində Ümummilli Lider Heydər Əliyev demişdir: “Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir.”

Bu bir danılmaz tarixi faktdır ki, məhz  Heydər Əliyevin ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ötən il Gənclər Forumundakı çıxışında da Prezident İlham Əliyev vurğuladı ki, 25 il bundan əvvəl Ulu Öndər Heydər Əliyev tərəfindən Gənclər Gününün təsis edilməsi Ümummilli Liderin növbəti siyasi uzaqgörənliyi idi. Həqiqətən də həmin dövrdə gənclər problemi bəlkə də hakimiyyət strukturlarında yer almış insanların böyük əksəriyyətini ən az narahat edən, düşündürən məsələlərdən biri idi. Lakin Ümummilli Lider hər zaman olduğu kimi gənclər məsələsində də gələcəyə baxırdı.

2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinə ünvanladığı təbrikində Ulu Öndər demişdir: “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır.” Vətənpərvər gəncliyi olmayan dövlət heç zaman müstəqil və güclü ola bilməz. Bunu hər kəsdən daha yaxşı bilən Ulu Öndər Heydər Əliyev hələ müstəqilliyimizin ilk illərində, xalqın tələbi ilə ölkədə ikinci  dəfə hakimiyyətə gəldikdən dərhal sonra gənclərin yüksək potensiallarını milli maraqlarımızın müdafiəsinə səfərbər edən möhtəşəm strategiya işləyib hazırladı və bu strategiya Azərbaycan gəncliyinin vətənpərvər ruhda formalaşmasını təmin etdi. Məhz bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan qalib dövlət olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır.

Ölkəmiz 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə özünün ərazi bütövlüyünü bərpa edib, 30 ilə yaxın işğal altında olan torpaqlarını geri qaytarıb. Heç şübhəsiz, bu böyük Zəfərin əldə olunmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizin fədakarlığı sayəsində Tarixi Qələbə əldə olundu. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda yüksək vətənpərvər ruhlu gəncliyin formalaşmasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti aparıcı rol oynayır.