Xəbərlər
Qardaşlıq, həmrəylik və dəstək jesti

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycanın türk dünyasının birliyinə töhfələri davamlılığı ilə diqqətdədir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də dövlət başçısı İlham Əliyevin dəvəti ilə ölkəmizdə səfərdə oldu. Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt qardaşlığımızın və dostluğumuzun göstəricisidir. Səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu. Artıq əldə edilən nəticələr gələcəklə bağlı düzgün yolda olduğumuzu göstərir.
Əməkdaşlığın möhkəmləndirilməsində imzalanan sənədlər möhkəm hüquqi baza rolunu oynayır. Bu baxımdan Özbəkistan Prezidentinin səfəri zamanı müxtəlif istiqamətləri əhatə edən 20 sənədin imzalanması ölkəmizin, eyni zamanda, Özbəkistanın həyatında mühüm hadisə oldu. Səfər çərçivəsində imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında iki qardaş ölkənin münasibətlərinin dünəninə nəzər salaraq qarşıdakı dövrdə görüləcək işlərdən, müəyyənləşirilən hədəflərdən bəhs etdi. Bildirdi ki, enerji sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər var. Enerji şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir. Nəqliyyat-logistika sahəsində yük axınının artmasını və bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik.
Müzakirələrdə əsas diqqət göstərilən məsələlərdən biri də iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığıdır. Avqust ayının əvvəlində Azərbaycanda Özbəkistanın Mədəniyyət Günləri böyük uğurla keçdi. Azərbaycan tamaşaçıları qardaş xalqın nümayəndələrinin yüksək ustalığına və istedadına bir daha əmin oldular. İki ölkənin Prezidentləri bu cür tədbirlərin müntəzəm keçirilməsi təşəbbüsü ilə çıxış etdilər. Çünki qarşılıqlı fəaliyyətimizin təməlini məhz nəhəng mədəni zəmin təşkil edir.
Bir daha sübut olundu ki, xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir. Bütün dostluq və qardaşlıq dövrü ərzində hər iki ölkə bir-birinin yanında olub və bir-birini dəstəkləyib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olundu. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır. Dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.
Özbəkistan Prezidenti iki qardaş ölkənin münasibətlərini belə xarakterizə etdi: “Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Bu gün həm Özbəkistan, həm də Azərbaycan xalqları bu münasibətlərlə fəxr edir və bizim əlaqələrimizin, səfərlərimizin nəticələrini görürlər. Bu gün Özbəkistanın xarici siyasət vektoru da bizim proqramı praktiki olaraq zənginləşdirməyə istiqamətlənib.”
Qeyd etdiklərimiz fonunda belə bir əminliyi ifadə edə bilərik ki, Azərbaycan və Özbəkistan ictimaiyyəti aparılan danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər.