Xəbərlər
Münasibətlərin gələcəyi müəyyən edildi

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Avqustun 22-də dövlət başçısı İlham Əliyevin dəvəti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizdə rəsmi səfərdə olması, səfər çərçivəsində Prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində müzakirə edilən məsələlər, imzalanan çoxsaylı sənədlər, Qarabağa səfər və sair kimi biri-birindən mühüm məqamlar iki qardaş, dost Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətlə inkişafına işıq saldı. Qeyd edək ki, iki ölkə arasında bu vaxtadək 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə imzalanıb. Sənədlərin say tərkibinin genişliyi əlaqələrin daha da möhkəmlənməsi üçün hüquqi bazanın mövcudluğunu sübut edir. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Bakıda üç saatdan çox davam edən müzakirələrdə münasibətlərimizin inkişafının gələcəyi müəyyən edildi. Ali Dövlətlərarası Şuranın yaradılmasına dair qərar isə Bakı ilə Daşkənd arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləyir. “Bizim yaratdığımız Ali Dövlətlərarası Şura ən yüksək etimad səviyyəsi və razılığa gəldiyimiz həmin strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır” söyləyən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev böyük əminliklə bildirdi ki, ölkə Prezidenti seçildikdən sonra ilk səfərindən çox məmnundur. İstiqamət vektorumuzu Özbəkistan xalqı da görür: “Onlar əlbəttə ki, bizə qiymət verirlər. Hansı qiyməti? Çox müsbət qiyməti, çünki bizdə olduqca çox istiqamət var və bütün bu istiqamətlər qəbul etdiyimiz 2030-cu ilin strategiyasına uyğundur, onlar bizim strategiyaya əlavə olunur. Bu baxımdan da biz İlham Heydər oğlu ilə olduqca çox əlavə məsələlər üzrə qeyri-standart qərarlar qəbul etdik və bu qərarlar bizim planlarımızın reallaşmasının sürətlənməsinə kömək edəcək.”
Tərəflər münasibətlərin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını həm apardıqları müzakirələrlə, həm də imzalanan sənədlərlə təsdiqlədilər.
Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Bu baxımdan əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas hədəf kimi qarşıya qoyulanda iqtisadiyyatın ayrı-ayrı sahələri diqqət mərkəzində olur. Tərəflər həm də investisiyaların təşviqi ilə bağlı səmərəli addımlar atmaqda maraqlıdır. Sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi ötən il imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”in əsas mahiyyətini təşkil edir. Səfərin gündəliyinin zənginliyi Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi istəyinin göstəricisi oldu.
Bu məqamı da xüsusi qeyd etməliyik ki, dost, qardaş ölkələr işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması işində də ölkəmizə dəstəklərini ifadə edirlər. Özbəkistan Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində məktəbin tikilməsi də qardaş hədiyyəsidir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər, MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşdülər. Həmçinin dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada oldular. İşğaldan azad edilmiş ərazilərimiz diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Bu torpaqlarımız qonaqlarını qarşılamaqla dünyaya mühüm mesajları ünvanlayırlar. Ermənistan və ona havadarlıq edən dövlətlər bir daha bu reallığı qəbul edirlər ki, bu torpaqlar bizə məxsusdur, qurub-yaradırıq. Ölkəmizə səfər edən ölkələrin dövlət başçılarının bu ərazilərimizdə olması, eyni zamanda, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqidir. Qarabağdan dünyaya çatdırılan türk dünyasının birliyi hazırda yüksək səviyyədədir.