Xəbərlər
Ermənistanın havadarlarının çirkin kampaniyaları heç bir nəticə verməyəcək

Avqustun 26-da Laçında Şəhər Günü böyük coşqu ilə qeyd olundu. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bayram tədbirində iştirak etməsi xüsusilə əlamətdardır. Bayram tədbirində dövlətimizin başçısı çıxış edərək “Laçın Şəhəri Günü” münasibətilə xalqımızı, laçınlıları təbrik etdi, eləcə də regiondakı vəziyyətlə bağlı ciddi mesajlar verdi.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O xatırladıb ki, ötən il avqustun 26-da şanlı Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müjdəsini bütün xalqımız böyük sevinc, qürur hissi ilə qarşıladı. Respublikamızın hər bir guşəsində insanlar bu hadisəni bayram əhval-ruhiyyəsi ilə qeyd etdilər. Bununla da, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin əhalisinin torpaq, yurd həsrətinə son qoyuldu.
“Prezident İlham Əliyevin bayram tədbirində çıxışı zamanı dediyi kimi, cəmi 8 ay ərzində Laçın şəhərinə əhalinin qayıdışı təmin olundu. Belə ki, 28 May - Müstəqillik Günündə Laçına ilk köçənlərə evlərin açarları təqdim edildi. Bu ilin sonuna qədər isə 900 ailə üçün evlər hazır olacaq. Artıq Zabux kəndinə də əhalinin qayıdışına start verilib. Laçına səfər çərçivəsində avqustun 26-da dövlətimizin başçısı və birinci xanım Zabux sakinləri ilə görüşüb yaradılan şəraitlə tanış oldular”, - deyə S.Fətəliyeva bildirib.
Deputat diqqətə çatdırıb ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən avqustun 26-sı da “Laçın Şəhəri Günü” kimi müəyyən olunub.
Dövlətimizin başçısının Laçından verdiyi mesajların əhəmiyyətinə toxunan S.Fətəliyeva Ermənistan və onun havadarlarının bu mesajlardan nəticə çıxarmalı olduqlarını qeyd edib: “Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində yaradılmış “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi ilə əlaqədar müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirdilər. Amma onlar unudurlar ki, Azərbaycan beynəlxalq hüquq və öz suveren hüquqları çərçivəsində bu addımı atıb. Ona görə də, Prezident İlham Əliyevin dediyi kimi, heç kim dövlətimizin iradəsinə təsir edə bilməz, bizi haqq yolumuzdan döndərə bilməz. Bu baxımdan, əminliklə demək olar ki, bundan sonra da Ermənistanın havadarlarının çirkin kampaniyaları heç bir nəticə verməyəcək”.