Partiya xəbərləri
YAP Həmkarlar İttifaqı Komitəsinin yığıncağı keçirilib
Avqustun 25-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Həmkarlar İttifaqı Komitəsinin yığıncağı keçirilib.
Yığıncaqda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Hikmət Osmanov iştirak ediblər.
Əvvəlcə yığıncağın gündəliyi barədə məlumat verilib. Gündəliyə YAP Həmkarlar İttifaqı Komitəsinin 21 iyun 2021-25 avqust 2023-cü il tarixlərini əhatə edən dövrdəki fəaliyyətinə dair hesabatı, partiyanın Həmkarlar İttifaqı Komitəsinin cari ilin ötən dövrü üçün gəlir və xərclərinin təftişinin nəticələri barədə hesabatı və təşkilati məsələlər daxil edilib. Gündəlik səsə qoyularaq təsdiqlənib.
Sonra Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə dair hesabat dinlənilib. YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Qara Qarakişiyev bildirib ki, partiyanın Həmkarlar İttifaqı Komitəsi ötən dövrdə müxtəlif xarakterli tədbirlər həyata keçirib, eyni zamanda, işçilərin sosial müdafiəsinin və istirahətinin təmin olunması istiqamətində müvafiq addımlar atıb.
Yığıncaqda daha sonra Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin Təftiş Komissiyasının sədri Əhliman Tağıyevin təşkilatın cari ilin ötən dövrü üçün gəlir və xərclərinin təftişinin nəticələri barədə hesabatı dinlənilib.
Təqdim olunan hesabatlardan sonra müzakirələr aparılıb. Müzakirələrin sonunda Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat dövrü ərzindəki fəaliyyəti kafi qiymətləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Hikmət Osmanov YAP Həmkarlar İttifaqı Komitəsinin fəal təşkilatlardan biri olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı bundan sonra da işçilərin əmək və sosial hüquqlarının təmin olunması ilə əlaqədar YAP Həmkarlar İttifaqı Komitəsi ilə sıx əməkdaşlıq edəcək.
Yığıncaqda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək partiyanın Həmkarlar İttifaqı Komitəsinin ötən dövr ərzindəki fəaliyyətinə münasibət bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətində aşkarlıq, şəffaflıq və kollegiallıq prinsipləri əsas amil olmalıdır. YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, təşkilat bundan sonrakı dövrdə işini daha keyfiyyətli qurmalıdır. Ona görə də təşkilatın yeni sədri başqa vəzifə daşımamalı, partiyanın Həmkarlar İttifaqı Komitəsinin sədri kimi müvafiq fəaliyyətlə məşğul olmalıdır.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Həmkarlar İttifaqı Komitəsinin 15, Təftiş Komissiyasının isə 5 nəfərdən ibarət tərkibi müəyyənləşib. Məhəmməd Yusif oğlu Məhərrəmov YAP Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
Məhəmməd Məhərrəmov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib və fəaliyyəti dövründə bu etimadı layiqincə doğrultmağa çalışacağını vurğulayıb.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Hikmət Osmanov yeni sədrə fəaliyyətində uğurlar arzulayıblar.