Xəbərlər
YOXSULLAR YOXSUL OLARAQ QALIRLARMI?
Tahir Mirkişili
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Dünyada iqtisadçılar arasında belə bir fikir var ki, yoxsulluq yoxsulluq yaradır: birçox ailələr bu formada qapalı dairəyə düşürlər, bu dairədən çıxa bilmirlər. Amma eyni zamanda bir çox elmi araşdırmalar da göstərir ki, bu dairədən çıxmağın yolları da mövcuddur.
Yoxsulların yoxsul qalmasının səbəblərini göstərən 2 əsas izah mövcuddur. Birinci izaha görə, yoxsul qalmanın səbəbi insanın anadagəlmə xüsusiyyətindən, onun motivasiyasından, ambisiyalarından asılıdır. Və bunları dəyişmək mümkün olmadıqca, yoxsul insan yoxsul olaraq qalacaqdır. Bu versiyaya görə yoxsulluğun aradan qaldırılmasına yönəlmiş birdəfəlik ödəmələrin təsiri zaman keçdikcə heç nəyi dəyişmədən aradan qalxacaq və ona görə də ən yaxşı yol yoxsul ailələrin gəlir və istehlakını mütəmadi olaraq dəstəkləməkdir, yənimonlara müavinət ödəməkdir.
İkinci izaha görə, problem imkanların məhdudluğundan, iqtisadi mühitin zəif inkişaf etməsindən qaynaqlanır. Bu versiya yoxsulluğa bir tələ kimi baxır, tələdən çıxmağın yollarının tapılmasını mümkün sayır.
Birinci izaha görə, yoxsulluqla mübarizə aparmağın faydası yoxdur, yoxsullara dəstəyin optimal yolu onlara requlyar olaraq müavinətlərin ödənməsidir. İkinci izaha görə isə, yoxulluğun öhdəsindən gəlmək mümkündür, amma bu yoxsulluq tələsindən çıxmağa imkan yaradan birdəfəlik və böyük miqdarda dəstəyin edilməsi hesabına baş verə bilər.
2019-cu ildə yoxsulluq üzrə araşdırmalar mövzusunda Nobel mükafatı alan iqtisadçılar sübut etdilər ki, ikinci versiya daha doğrudur. Onlar hesab edirlər ki, xroniki yoxulluğun əsas səbəbi ilkin imkanların həddindən artıq məhdud olması və mövcud şərtlərin bu məhdudiyyətləri keçməyə imkan yaratmamasıdır. İnsanları yoxsulluq tələsindən dartıb çıxarmağln yolu onlara "balıq deyil, tilov" verməkdir. Yəni, pul deyil, requlyar olaraq pul qazanmağa imkan verən aktivlər verməkdir.
Lakin Böyük Britaniyanın nüfuzlu universitetlərinin bir qrup alimi müəyyən ediblər ki, iri aktivlərin təqdim edilməsi yoxsul ailələrə fərqli təsir edir. Bir qrup yoxsulluq tələsindən çıxır, digərləri isə yox. Alimlər yoxsulluğun dünyada ən çox olduğu ölkələrdən birində - Banqladeşdə təcrübələr aparıblar. Burda yoxsulluqla mübarizə proqramı çərçivəsində ən çox ehtiyacı olan ailələrə iki aktivlər - inəklər verilib. Qeyd edim ki, Banqladeşdə bir inəyin orta qiyməti yoxsul insanın 1 illik istehlakının 80% həddindədir, yəni inək iri aktiv sayılır. Müşahidələr göstərib ki, bir neçə ildən sonra bir çox ailələr yoxsulluq tələsindən çıxıblar, onlar təsadüfi gəlirlərdən requlyar heyvandarlığa keçiblər, məhsul istehsal edərək requlyar gəlir əldə ediblər, əldə edilən gəlirləri bu işə yenidın investisiya ediblər. Digər qrup ailələr isə, əksinə, inəyi sadəcə kəsib yeyiblər və əvvəlkindın daha da yoxsul vəziyyətə düşüblər.
Nə üçün iri aktivlərin təqdim edilməsi ailələrə bu cür fərqli təsir edir? Yoxsulluq tələsinin konkret ölçüsü var - yoxsulluq həddi: yoxsulluqdan çıxmaq üçün tələb olunan minimum həcmdə aktiv. Banqladeş üçün yoxsulluq həddi 500$ təşkil edir. Hansı ailələr ki, bu yoxsulluq həddin üstündə yaşayırdılar, onlara iri aktivlərin təqdim edilməsi faydalı olub, onlar yoxsulluq tələsindən çıxmağa nail olublar. Hansı ailələr isə yoxsulluq həddinin altında yaşayırdılar, onlara iri aktivlərin verilməsi heç bir faydalı təsir göstərməyib, əksinə.
Aşağı əmək haqqı və daimi olmayan məşğulluq daha məhsuldar fəaliyyətə keçid üçün tələb olunan minimal aktivi əldə etməyə imkan vermir. Yoxsulluq tələsinə şəhərlərdə daha az hallarda düşürlər. Çünki şəhərlərdə iş imkanları, gəlir əldə etmək imkanları daha genişdir. Amma hətta şəhərlərdə belə, yoxsul ailələrə dəstək ehtiyacı hər zaman yaranır, məsələn, təhsil, səhiyyə sahəsində.
Yoxsulluq tələsinin mövcud olmasının pessimist olduğu qədər, optimist tərəfləri də mövcuddur. Bir tərəfdən, tələ kiçik ödənişləri qeyri effektiv edir. Əgər dəstək alan ailələr müəyyən zaman ərzində yoxsulluq həddini keçə bilmirlərsə, onda dəstək faydasız olur. Digər tərəfdən isə, iri aktivlərin təqdim olunması, insan kapitalına yatırılan investisiyalar uzun müddətli müsbət nəticələrə səbəb ola bilir. Məsələn, Banqladeşdə ailələrin yoxsulluq tələsindən qurtulması nəticəsində 10 il ərzində əldə olunan fayda yoxsulluqla mübarizə proqramına xərclənən vəsaitdən 15 dəfə çox olmuşdur.
Beləliklə, təhlillər göstərir ki, yoxsul insanların bir qrupuna iri aktivlər təqdim etməklə, onları yoxsul olmaqdan xilas etmək olur. Digər qrupuna isə hər hansı aktivlərin verilməsi heç bir fayda vermir, bu qrup insanlara yalnız aylıq ödənişlər etmək lazımdır. Sosial və iqrisadi siyasətdə əsas məsələ isə bu qrupları ayıra bilməkdir.
Azərbaycan sosial dövlətdir, Prezident İlham Əliyevin əsas diqqət yetirdiyi siyasət məhz sosial siyasətdir. Azərbaycanda son 5 il ərzində 61000 şəxs özünüməşğulluq proqramı çərçivəsində dövlətdən aktivlər əldə ediblər. Eyni zamanda, hər ay 321 min şəxs dövlətdən requlyar olaraq ünvanlı sosial yardım alırlar. Göründüyü kimi, ölkəmizdə yoxsulluqla mübarizə üçün dünyada tətbiq olunan hər iki üsuldan istifadə olunur. İnsanların yoxsulluq tələsindən qurtarılması bizim üçün də ciddi çağırışdır. Özünüməşğulluq tədbirləinin genişləndirilməsi, geniş iqtisadi təhlil nəticəsində aparılması, yuxarıda göstərilən qrupların ayırd edilməsi daha böyük perspektivlər vəd edir.