Xəbərlər
Lüksemburqlu nazir: Avropa Oyunlarını boykot çağırışı siyasi təsir vasitəsi ola bilməz
Lüksemburqun "Luxemburger Wort" qəzeti bəzi antiazərbaycan dairələrin Avropa Oyunlarını boykot kampaniyasına bu ölkənin xarici işlər naziri Jan Asselbornun münasibətini açıqlayıb.
Qəzetin internet səhifəsində yayımlanmış məlumatda xarici işlər naziri boykotu yersiz adlandırıb: “Boykot heç bir vaxt siyasi təsir vasitəsi ola bilməz”. Nazir parlamentin boykot sorğusuna cavabında məhz belə deyib.
Qəzet lüksemburqlu idmançıların da Avropa Oyunlarına qatıldıqlarını xatırladıb.
Məqalədə, həmçinin qeyd olunur ki, Oyunların açılış mərasimində 18 ölkənin yüksək vəzifəli rəsmiləri, o cümlədən Lüksemburqun idman naziri Roman Şnayder də iştirak edib.
Məqalə müəllifi Azərbaycanın Lüksemburqla Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq etdiyini də xatırladıb.