Xəbərlər
İnkişaf və qələbə yolunda

YAP Şirvan şəhər təşkilatının yaranmasının 30 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla anılıb.
Sonra tədbir iştirakçıları Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar.
Sonra Şirvan Şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivi konsert proqramı ilə çıxış edib.
Şirvan Şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Şirvan şəhər təşkilatının 30 illik fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov şəhər təşkilatının 30 illik fəaliyyəti haqqında məlumat verib, tarixi zərurətdən yaranmış, zamanın bütün sınaqlarından üzü ağ çıxmış Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi mənalı və şərəfli yolundan ətraflı danışıb. Qeyd olunub ki, YAP Şirvan şəhər təşkilatı ilk yaradılan şəhər təşkilatlarından biridir. Sıralarında 6000-ə yaxın üzvü birləşdirən şəhər təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşıda daha böyük uğurları hədəfləyib.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vurğulayıb ki, Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. Bildirib ki, YAP Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, sosial, həmçinin ictimai-siyasi həyatında həlledici rol oynayır. Qələbələr partiyası olan YAP zəngin və şərəfli inkişaf yoluna malikdir.
YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova YAP-ın və müstəqil Azərbaycanın memarı olan Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, bu gün Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, əldə olunan nailiyyətlərindən bəhs edib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyası nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçib, bir çox uğurlara imza atıb. Qeyd olunub ki, müasir müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır.
YAP Mərkəzi Aparatın məsul əməkdaşı Əli Axundov söyləyib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib. Yarandığı gündən sözlə əməl birliyi partiyanın nüfuzunu gündən-günə artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir.
Daha sonra şəhid atası Alim Zülfüqarov, müharibə veteranı Elvin Abbasov, partiya veteranı Mehriban Əliyeva, gənc partiya üzvü Nuranə İsmiyeva çıxışlarında partiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini vurğulayıblar.
Tədbirin sonunda şəhərin ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.