YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi xilaskarlıq missiyası

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və “İstiqlaliyyət küçəsi 30” (AMEA Rəyasət Heyəti) ünvanı üzrə ərazi partiya təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər təyin edilməsinin 54-cü ildönümü münasibətilə tədbir keçirilib. 

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzi Elmi Kitabxanadakı büstü önünə gül dəstələri qoyaraq, dahi liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən şəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından danışıb. Bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir: “Görkəmli dövlət xadimi xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirib. Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan Prezident İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu”.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Heydər Əliyevin elm və təhsilimizin inkişafına göstərdiyi xüsusi dəstək, ana dilimizin təkmilləşdirilməsi istiqamətində atdığı əhəmiyyətli addımlar Ulu Öndərin ölkəsinə sadiq, milli ruhlu lider olduğunu bir daha nümayiş etdirir. Onun sözlərinə görə, dahi lider Azərbaycan xalqını mənəvi dəyərlərin qorunması vasitəsilə milli köklərə bağlamaqla və milli-mənəvi özünüdərk proseslərini dərinləşdirməklə gələcək müstəqilliyə hazırlamışdır.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ulu Öndər Heydər Əliyevin hələ Sovet hakimiyyəti illərində Azərbaycan müstəqilliyinin əsaslarını qurduğunu, Heydər Əliyevin şəxsiyyəti, siyasi fəaliyyəti və tarixi siyasət məktəbinin Azərbaycanın ictimai-milli şüurunda əvəzsiz rol oynadığını deyib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov Ulu Öndərin qətiyyət və prinsipiallığı, hərtərəfli hazırlığı, dərin biliyi, geniş siyasi və mədəni dünya görüşü olan rəhbər kimi dünyanın mürəkkəb proseslərindən baş çıxardaraq və dahiyanə qərarları ilə xalq arasında böyük hörmət qazandığını, dövlətçilikdə müstəqillik ənənələrinin möhkəmlənməsində tarixi varislik kontekstində azərbaycançılıq ideologiyasını irəli sürdüyünü vurğulayıb. 

YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən olan, professor Şahlar Əsgərov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib. Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. O, Ümummilli Liderin milli-mənəvi dəyərlərimizə verdiyi dəyərdən danışıb və bu istiqamətdə görülən işlərə diqqət çəkib.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.