YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saymon Kleq: Ötən gün birinci Avropa Oyunlarının yarışlarını arenalarda 17 min 716 tamaşaçı izləyib

Ötən gün birinci Avropa Oyunlarının yarışlarını arenalarda 17 min 716 tamaşaçı izləyib. Demək olar ki, idman növləri üzrə yarışların bir neçəsi başa çatıb. Dünən 3x3 basketbol yarışlarına start verilib. Bu gün isə çimərlik futbolu yarışları başlayır.

Bu sözləri iyunun 24-də təşkil olunan mətbuat konfransında “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.

S.Kleq bildirib ki, artıq bağlanış mərasiminin hazırlıqlarına başlanılıb. Bu günədək 1500 idmançı və nümayəndə heyəti üzvü Azərbaycanı tərk edib. Əlavə olaraq satışa çıxarılan 12 min biletin 5 mini artıq satılıb. Bu gün arenalara 22 min tamaşaçının gəlməsi nəzərdə tutulub. Sabah cüdo yarışlarının başlanması ilə bu rəqəmin 30 min olacağı gözlənilir.

Birinci Avropa Oyunlarını 1288 yerli və əcnəbi media nümayəndəsinin işıqlandırdığını bildirən S.Kleq “Bakı-2015”-in bütün atletlərinə xatirə medallarının təqdim olunduğunu diqqətə çatdırıb.

Saymon Kleq deyib: “Bu gün Fəvvarələr meydanında küçə atletikası üzrə yarış keçiriləcək. Bu idman növü birinci Avropa Oyunlarının proqramına daxil olmasa da, nümayiş xarakteri daşıyır. Bu yarışın Bakı Olimpiya Stadionunda təşkil olunan atletikadan fərqi idmançıların və tamaşaçıların bir-birinə yaxın olması ilə seçilir. Küçə atletikası hazırda dünyada populyar idman növlərindən biridir. Ümid edirəm ki, paytaxt sakinləri və turistlər bu yarışdan böyük zövq alacaqlar”.

Həftə sonu artacağı ehtimal olunan küləyin BMX velosipedi yarışlarının təşkilinə heç bir çətinlik yaratmayacağını bildirən “Bakı-2015”-in rəsmi Avropa Olimpiya Komitəsinin və qitə idman federasiyalarının nümayəndələrinin Oyunların təşkilini yüksək qiymətləndirdiklərini ifadə edib.

Sonra birinci Avropa Oyunlarının sambo yarışlarında gümüş medal qazanan Nəzakət Xəlilova və karate yarışlarını üçüncü pillədə başa vuran İlahə Qasımova azarkeşlərə göstərdikləri dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edilib ki, qeyri-Olimpiya idman növləri olmasına baxmayaraq, sambonun və karatenin birinci Avropa Oyunlarının proqramına salınması çox sevindiricidir. Birinci Avropa Oyunlarına ciddi hazırlaşmışdıq. Bizim üçün hər cür şərait yaradılmışdı. Hər zaman dövlətin diqqət və qayğısını üzərimizdə hiss edirik. Buna görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə təşəkkürümüzü bildiririk.

Tədbir çərçivəsində ötən günün idman xülasəsindən bəhs edən videoçarx nümayiş olunub.

Sonda jurnalistlərin sualları cavablandırılıb.