YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tatyana Lebedeva: Bakı Olimpiya Oyunlarını da qəbul etməyə hazırdır

Rusiya Federasiyası Federasiya Şurasının sosial-siyasət komitəsinin üzvü, Olimpiya çempionu Tatyana Lebedeva Azərbaycanda keçirilən Avropa Oyunlarının təşkili və Bakı haqqında təəssüratlarını “Vestnik Kavkaza” portalı ilə bölüşüb.

T. Lebedeva Azərbaycanın Avropaya qitə Oyunlarını keçirməkdə kömək etdiyini bildirərək deyib: “Bu ideya çoxdan var idi. Çünki Panamerika, Panafrika, Asiya oyunları var. Beynəlxalq idman növlərinin Avropa çempionatları da var, lakin bu qitənin öz Oyunları yox idi. Açıq ölkə olan Azərbaycan bu işdə Avropaya kömək etdi. Nəhayət, birinci Avropa Oyunlarının keçirilməsi ideyası reallaşmağa başladı. Bakı bu Oyunları keçirməyə hazır olduğunu bildirdi. Çünki bu şəhərdə beynəlxalq yarışlar üçün infrastruktur inşa olunub”.

Bakının birinci Avropa Oyunlarına hazırlığının fantastik olduğunu qeyd edən T. Lebedeva yazıb: “Olimpiya Oyunlarında bir qayda olaraq, lazımi infrastrukturun hazırlanması üçün 7 il vaxt verilir. Amma burada cəmi iki il vaxt var idi və Azərbaycan idman arenalarının bir çoxunu sıfırdan tikərək hazırladı. Mən indiyə qədər bu təəssüratın altındayam. “Bakı” sözü indi məndə daha çox idmanla assosiasiya olunur. Çünki bu şəhərdə obyektlər və təşkilatçılıq yüksək səviyyədədir. Əlbəttə, bu işdə Azərbaycanın təcrübəsi sözünü dedi. Könüllülər də vicdanla işləyirlər. Mən şübhə etmirəm ki, Bakı 2024-cü il Olimpiya Oyunlarının keçirilməsində Amerika şəhərləri ilə yarışa bilər”.

T.Lebedeva hesab edir ki, birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili bu Oyunlara münasibəti də dəyişdirəcək. Hər kəs bu Oyunların yaşamaq hüququna malik olduğunu gördü: “Olimpiya Oyunlarına lisenziyanın verilməsi bu Oyunların reytinqini qaldırdı. Bakı Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməyi bacardığını göstərdi. Ona görə də bu Oyunları keçirəcək növbəti ölkə bu səviyyəyə çatmaqda çətinlik çəkəcək. Arzu edirəm ki, bu Oyunlar davamlı olsun”.

T.Lebedeva Atletlər Kəndində gördükləri haqqında da danışıb: “Olimpiya kəndində idmançılar üçün qarşılanma və yerləşmə vacibdir. Burada Azərbaycan mətbəxini də ayrıca təqdim edirlər. Yəni, hər kim yerli mətbəxdən dadmaq istəsə, buyura bilər. Nəqliyyat da yüksək səviyyədə təşkil edilib. Hər şey dünya standartlarına uyğun şəkildə qurulub. Bütövlükdə, Bakı Olimpiadanı qəbul etməyə hazırdır”.

Olimpiya çempionu qeyd edib ki, Bakı 2017-ci ildə İslam Həmrəylik Oyunlarını asanlıqla qəbul edə biləcək: “Azərbaycan beynəlxalq idman yarışlarını yüksək səviyyədə keçirmək təcrübəsini artırıb. 2020-ci ilin Avropa çempionatının bir neçə oyunu də məhz Bakıda keçiriləcək”.