Xəbərlər
Avstriya idmançısı: Azərbaycan hər şeyi mükəmməl təşkil edib
"Birinci Avropa Oyunlarında iştirak etdiyimə görə çox sevinirəm. Azərbaycan hər şeyi mükəmməl təşkil edib". Bunu Trend-ə Avropa Oyunlarında qılıncoynatma yarışlarında iştirak edən Avstriya idmançısı Paula Şmild deyib.
O bildirib ki, Avropa Oyunlarında iştirak etmək onun üçün böyük təcrübə olub: "Burada Avropanın güclü idmançıları iştirak edirlər və qələbə qazanmaq güclü mübarizə tələb olunur. Belə güclü mübarizələrdə isə idmançılar yaxşı təcrübə qazanırlar. Bu baxımdan Avropa Oyunları idmanın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir".
Azərbaycana ilk dəfə gəldiyini deyən avstriyalı idmançı ölkəmizi çox bəyəndiyini bildirib. Qonaq artıq Bakıda gəzdiyini də bildirib: "Bakıda gəzintiyə çıxdıq, İçərişəhər, Qız Qalası xüsusilə gözəldir. Azərbaycanın milli xörəklərinin də dadına baxdıq, çox dadlı idi. Həmçinin Azərbaycanın gözəl xalçaları var. Azərbaycana gəlməkdən böyük zövq aldım".