YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 744 334
BİZƏ YAZIN

Xəbərlər

Problemlərin həllində uğurlu platforma

“Prezident İlham Əliyevin cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı bir sıra qlobal məsələlərin həlli istiqamətində əhəmiyyət daşıyan, eləcə də regional təhlükəsizlik amillərini şərtləndirən məqamlarla yadda qaldı. Dövlətimizin başçısı bütün çıxışlarında olduğu kimi, dünyanın ikinci ən böyük beynəlxalq təsisatının zirvə görüşündə çıxışı qətiyyətli olmaqla yanaşı, həm də bir sıra dövlətlərə mesaj idi. Azərbaycanın istənilən məsələdə prinsipial mövqeyi və obyektiv yanaşması dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən müstəqil xarici siyasət kursunun təzahürü olmaqla yanaşı, həmçinin ədalətli davranışının göstəricisidir”. Bu sözləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə dövlətimiz öz qüdrəti və siyasi iradəsi ilə dünyada yüksək nüfuza malikdir. Bu beynəlxalq siyasi imic ölkə Prezidentinin müdirk və uzaqgörən siyasi kursu ilə yanaşı, eyni zamanda dərin diplomatik təcrübəsi və şəxsi nüfuzu ilə sıx bağlıdır. Bu mövqe beynəlxalq təşkilatlardakı təmsilçiliyimizdə özünü aydın şəkildə büruzə verir. Bir sözlə, Azərbaycana göstərilən münasibət yüksək beynəlxalq etimadın rəmzidir. Rayon təşkilatının sədrinin sözlərinə əsasən Azərbaycanın Qoşulmama Hərəkatında yüksək səviyyəli və peşəkar sədrliyi deyilənlərə əyani sübutdur. Qoşulmama Hərəkatına sədrlik etməsi üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi və ölkəmizin uğurlu sədrliyi ən mühüm beynəlxalq uğurlarımızdan biridir.

Azərbaycan ona göstərilən etimadı hər zaman doğruldaraq bir sıra ölkələrin sosial problemlərinin həllində də yaxından iştirak edərək xüsusi təşəbbüskarlıq göstərmişdir. Xüsusilə Qoşulmama Hərəkatı beynəlxalq ictimaiyyətin COVID-19 pandemiyası ilə gərgin mübarizə apardığı bir vəziyyətdə ölkəmiz dövlət başçısı İlham Əliyevin səyləri ilə misli görünməmiş çağırışlarla çıxış etdi, mübarizədə qlobal səylərin birləşdirilməsinin vacibliyini önə çəkdi. Beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq postpandemiya dövrü haqqında düşünməli olduq və ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioritetinə çevrildi. Sözsüz ki, ölkəmizin bu qlobal məsələyə belə həssaslıqla yanaşması bizə olan etimad və etibarın daha da artmasına gətirib çıxardı. Azərbaycan bu dəfə də beynəlxalq humanizm missiyasını öz üzərinə götürərək bu işdə fəallıq göstərdi, insanlığın və ümumilikdə bəşəriyyətin bu bəladan xilas olması yolunda əzmkarlıqla çalışdı. Azərbaycanın bu addımları, eyni zamanda digər ölkələrə qlobal bir çağırışdır.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov onu da vurğuladı ki, BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Bu missiya indiki vəziyyətdə çox vacibdir. Qoşulmama Hərəkatı dünyadakı problemlərin həllində uğurlu platforma ola bilər.