Xəbərlər
İnkişaf yoluna qədəm

“Parlamentin 1993-cü ilin 24 iyun tarixində Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərarı müstəqil Azərbaycan tarixinin dönüş nöqtələrindən biri oldu. Çünki bununla da ölkədə yeni dövlət quruculuğu işləri başlandı və Ulu öndər Heydər Əliyev xalqın ümid yeri olaraq güclü Azərbaycanın özüllərini qoydu”. Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
“90-cı illərin əvvəllərində Azərbaycanda vəziyyət olduqca çətin idi. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Yalnız hakimiyyəti saxlamağı düşünərək səriştəsiz insanlar ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdı. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Heydər Əliyev öz canından çox sevdiyi Azərbaycanı bu bəlalardan xilas etmək üçün bütün gücünü səfərbər etdi və buna da nail oldu. Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamaqla mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmiş oldu. Respublikada cinayətkarlıq və digər hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıldı. Ulu öndərin hakimiyyəti dövründə ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilməklə, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdi. Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdu. Təsadüfi deyil ki, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu. Reallıq budur ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin edib. Həmin illərdə ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamaqla, yanaşı görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur”.