YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam və etimad

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri

Tarixi təcrübə göstərir ki, hər bir təbii sərvətdən, o cümlədən neftdən xalqın və dövlətin mənafeyi naminə səmərəli istifadə etmək uzaq hədəflərə hesablanmış praqmatik siyasət yeridilməsini tələb edir. Azərbaycanın bu gün öz təbii sərvətlərinə əzmlə sahib çıxaraq müasir dünyanın enerji təhlükəsizliyində  mühüm rol oynaması da məhz Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılmış əsaslı təmələ söykənir. Ümummilli Liderimizin hələ respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü neft sənayesi 90-cı illərin əvvəllərində istiqlaliyyətinə qovuşmuş respublikamızın müstəqil yaşamasında və inkişaf etməsində mühüm rol oynamışdır.

Bu gün mütləq əksəriyyət yaxşı dərk edir ki, hazırkı Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması məhz ötən əsrin 7-ci illərinə təsadüf edir. 60-cı illərin sonunda bir sıra iqtisadi göstəricilərinə görə ittifaq miqyasında son sıralarda dayanan Azərbaycan qısa müddətdə tənəzzül mərhələsini geridə qoyaraq sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə SSRİ-nin bir sıra strateji əhəmiyyətli sənaye müəssiləri Azərbaycanda inşa olunmuşdur.

Milli iqtisadiyyatda neft sənayesinin həlledici rolunu hələ o dövrdə müdrikliklə nəzərə alan böyük strateq Heydər Əliyev bu sahənin dinamik inkişafına xüsusi diqqət yetirmiş və neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olmuşdur. Ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən neft sənayesinin inkişafında yeni mərhələ başlamış, bu zəngin milli sərvətin Azərbaycan xalqının rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Bu illərdə Heydər Əliyev Azərbaycanın neft, neft-kimya, neft-maqşınqayırma və neft emalı sənayesinin yeni texnika və texnologiya ilə təchizatı sahəsində misilsiz işlər görmüşdür. Bu işlərin mahiyyəti özünü Azərbaycan müstəqillik əldə etdikdən sonra tam dolğunluğu ilə göstərməyə başlamışdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, əgər 70-ci illərdə Azərbaycanın təkmil neft sənayesi kompleksi formalaşmasaydı, müstəqillik dövründə yeni neft strategiyasının uğurla həyata keçirmək də çətin olardı. Həmin dövrdə bu işləri böyük səylə, əzmlə həyata keçirən Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik qazanacağını əvvəlcədən görürdü.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə qədirbilən xalqımızın müraciəti ilə  yenidən hakimiyyətə qayıtdıqdan Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni son dərəcə vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır. Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin Qərb bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü düzgün qiymətləndirən Ulu Öndər Heydər Əliyev çıxış yolunu məhz Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görmüşdü. 1993-cü ilin əvvəllərində AXC-Musavat hakimiyyətinin hazırladığı layihə iqtisadi və siyasi baxımdan Azərbaycanın deyil, xarici şirkətlərin maraqlarına daha çox cavab verdiyindən,  Ulu Öndər bu istiqamətdə aparılan danışıqların məcrasını dəyişməli olmuşdur. Milli mənafeləri siyasi fəaliyyətində hər zaman uca tutan Ümummili Lider qısa zamanda Qərb şirkətləri ilə danışıqların yeni şərtlər çərçivəsində aparılamsını təmin etmişdir. Ulu Öndər Heydər Əliyev nüfuzlu Qərb şirkətləri ilə birgə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının işlənilməsini müstəqil respublikamızın milli təhlükəsizlik maraqlarının təmiantı baxımından da son dərəcə vacib saymışdır.

Neft müqaviləsinin bağlanması prosesində və danışıqların ölkəmizin maraqlarına cavab verən məcrada aparılmasında Prezidentimiz İlham Əliyevin də xüsusi xidmətləri olmuşdur.  Belə ki , diplomatiya sahəsində zəngin biliklərə malik olan cənab İlham  Əliyev 1994-cü ilin aprel ayında dövlət neft şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin edildikdən sonra ciddi siyasi iradə və əzmkarlıq nümayiş etdirərək neft müqaviləsi layihəsinin hazırlanması məqsədilə əvvəlcə Türkiyəyə, daha sonra isə ABŞ-ın Hyuston şəhərinə yola düşmüş, qərb şirkətlərində inam və etimad formalaşdırmağa nail olmuşdur.

Nəhayət , 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirilmişdir. Bununla da, Azərbaycan MDB məkanında Qərbin qabaqcıl neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuşdur. Ulu Öndər Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində növbəti dəfə böyük siyasi iradə, dəqiq iqtisadi hesablama və müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli sürmüş, buna qarşı yönəlmiş bütün maneələri mətinliklə dəf etmişdir. Regionda beynəlxalq əməkdaşlığın təməlini qoymuş bu qlobal enerji müqaviləsi eyni zamanda Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqləmişdir.

“Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzərda maraqları təmin olunmuş bəzi aparıcı Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağı artmış, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq sahəsində tamamilə yeni mərhələnin başlanğıcı qoyulmuşdur. Bu müqavilə respublikamızın dövlət müstəqilliyinin mühüm təminatına çevrilməklə, azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etmişdir.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu neft strategiyası nəticəsində bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atıb. Artıq Azərbaycan Avropanı və Aralıq dənizi bölgəsini enerji ilə təmin edən ölkəyə çevrilib. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum boru kəməri, TAP və TANAP layihələri Azərbaycanın, Orta Asiyanın neftini və qazını Avropa ilə bərabər digər beynəlxalq bazarlara çatdırır.

Növbəti illərdə də Azərbaycan regionun, eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verməkdə davam edəcək. Ölkəmiz yalnız ənənəvi deyil, eyni zamanda, bərpa olunan mənbələrdən də  enerji ixracatını həyata keçirəcəkdir. Bu da öz növbəsində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun kəskin artmasına gətirib çıxaracaq.

DİGƏR Xəbərlər Arxiv