Xəbərlər
Azərbaycan dövlətçiliyinin xilas günü
“Dövlətçilik tariximizin şanlı səhifəsi olan Milli Qurtuluş Gününün 30 illiyini qeyd edirik. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda yaşanan acınacaqlı mənzərə hər kəsə məlumdur. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq, parçalanma meyllərinin baş qaldırması və sair kimi hallar ölkənin daxilində qardaş qırğınına, vətəndaş müharibəsinə zəmin yaradaraq Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Ümummilli Liderdən kömək istədi. 1993-cü il iyunun 9-da dahi şəxsiyyət Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu, hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli Lider Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Deputat qeyd edib ki, bu tarixi günün Azərbaycan dövlətinin, xalqının taleyində rolu hazırkı reallıqlarımızda özünün aydın təsəvvürünü tapır: “Reallıq budur ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla Azərbaycanı faciələrdən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günü kimi də xarakterizə olunur. Müstəqilliyimizin qorunması, daimiliyinin və sarsılmazlığının təmin edilməsi qarşıda dayanan əsas vəzifələr idi. Ümummilli Lider Heydər Əliyev düşünülmüş və məqsədyönümlü siyasəti ilə möhkəm təməl fomalaşdırdı. Ulu Öndər andına sadiq qaldı. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
Əliabbas Salahzadə vurğulayıb ki, tarixi Qayıdışdan başlanan inkişaf yolunun Azərbaycana qazandırdığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir: “Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Dövlətçiliyin əsasları yaradıldı. Azərbaycan xalqı sözün əsl mənasında təbii sərvətlərinin sahibinə çevrildi. 1994-cü ildə Ümummilli Liderin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı və Azərbaycanın hərtərəfli inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı, Azərbaycan dünya birliyinin fəal üzvü kimi yeri və rolunu möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı, həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb.”
“Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin gənc nəslə çatırılmasına geniş imkanlar yaradır. Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Zəfərə imza atması Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, xalqımızın yenilməzliyinin, məğrurluğunun təqdimatı oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur. 2003-cü ildə xalqa müraciətində də bu istəyi reallığa çevirəcək ünvanı göstərmişdir. Ümummilli Lider cənab İlham Əliyevə Özü qədər inandığını bəyan etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev haqqa, ədalətə söykənən bu istəyi gerçəkliyə çevirdi, üçrəngli bayrağımızın işğaldan azad edilmiş ərazilərimizdə dalğalanmasına nail oldu. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Bir sözlə, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir”, - deyə deputat bildirib.