Xəbərlər
“Qurtuluşdan Zəfərə”
“Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatında Vətən müharibəsi iştirakçıları, partiya və əmək veteranlarının iştirakı ilə “Qurtuluşdan Zəfərə” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbir iştirakçıları Ulu Öndərin Cəlilabad şəhərinin mərkəzi parkında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı və digərləri çıxışlarında ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev böyük qətiyyəti, siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirdi, yeni, müasir Azərbaycanı qurdu.
Çıxışlarda müasir müstəqil Azərbaycanın Milli Qurtuluş Günü kimi tarixə əbədi həkk olunan 1993-cü il 15 iyun tarixinin önəmi və müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasındakı əvəzsiz rolu haqqında geniş məlumat verilib. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin möhtəşəm uğurlara imza atdığı söylənilib.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup Vətən müharibəsi qazisi və partiya fəalı fəxri fərmana layiq görülüb.
Partiya veteranı, həyatının böyük bir hissəsini dövlətçiliyin bərqərar olması, möhkəmlənməsi və ictimai rəyin formalaşdırılmasına həsr etmiş əməkdar mədəniyyət işçisi Cahangir Muradov 75 illik yubileyi münasibətilə təltif edilib.