YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri

“Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən fəal siyasət mühüm yer tutur. Bu baxımdan, ölkəmiz  Müstəqil Dövlətlər Birliyi müstəvisində də qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri quraraq uğurlu nəticələr əldə edib. Oktyabrın 9-da Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. İclasda iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı son illər ərzində MDB-nin siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyini bəyan edib”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, MDB iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. Bu il təşkilat yaradılmasının 35-ci ildönümünü qeyd edir.  MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilib. Azərbaycan isə 1993-cü ilin sentyabrında bu təşkilata qoşulub. Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.

Millət vəkilinin sözlərinə görə, MDB Dövlət Başçıları Şurasının iclası təşkilatın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi çıxış edir. Sammitdə 2027-ci ildə MDB-də sədrlik məsələsi, Dövlət Başçıları Şurasının növbəti iclasının Özbəkistanda keçirilməsi, MDB-nin yaranmasının 35 illiyi ilə əlaqədar dövlət başçılarının bəyanatı, 2028-ci ilin “Sosial inkişaf və həyat keyfiyyəti ili”, 2029-cu ilin isə “Nəqliyyat bağlılığı ili” elan edilməsi kimi məsələlər müzakirə olunub. Bu təşəbbüslər MDB-nin yalnız siyasi dialoq platforması kimi deyil, həm də sosial-iqtisadi inkişaf istiqamətlərində əməkdaşlıq mexanizmi kimi rolunu gücləndirir. “Sosial inkişaf və həyat keyfiyyəti ili” təşəbbüsü əhalinin rifahının yüksəldilməsi, sosial siyasətin təkmilləşdirilməsi, səhiyyə və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. “Nəqliyyat bağlılığı ili” təşəbbüsü isə regionun nəqliyyat-kommunikasiya şəbəkəsini genişləndirmək, tranzit potensialını artırmaq və yeni logistika marşrutları formalaşdırmaq üçün mühüm imkanlar açacaq.

“Ölkəmiz indiyədək üzv olduğu bütün beynəlxalq təşkilatların funksionallığının artmasında mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan-MDB münasibətləri də istisna deyil. İndiyədək respublikamız qurumun bir sıra tədbirlərinə uğurla ev sahibliyi edib. Respublikamzda istehsal olunan yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları MDB bazarında yaxşı tanınır və gözlənilir. Azərbaycanın MDB məkanı üçün ən böyük üstünlüklərindən biri də ölkəmizin geniş nəqliyyat-logistika imkanları ilə bağlıdır. Qısa müstəqillik tarixində müasir nəqliyyat infrastrukturu quran respublikamız Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir və MDB-yə üzv dövlətlər də bu imkanlardan geniş şəkildə bəhrələnirlər” – deyən, Pərvin Kərimzadə əlavə edib ki, Azərbaycan MDB daxilində humanitar əlaqələrin genişlənməsinə də böyük önəm verir. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmalarına imkan verib.

Eləcə də, ötən il sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmiz III MDB Oyunlarına böyük uğurla ev sahibliyi edib. 11 gün ərzində əsl idman bayramı yaşanıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır. “İdman yarışlarının böyük əksəriyyəti Gəncədə keçirildi və şəhər idman paytaxtına çevrildi. Gəncə şəhərini təmsil edən deputat kimi bu qərarın şəhər əhalisi tərəfindən yüksək dəyərləndirildiyini vurğulamaq istəyirəm. Qədim Gəncə indiyə qədər bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib. ” – deyən deputat qeyd edib ki, ölkəmiz 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr statusunda fəaliyyət göstərəcək. Bütün bunlar Azərbaycanın regional əməkdaşlığa verdiyi böyük önəmin nümunəsidir.

DİGƏR Xəbərlər Arxiv